Qonaq Kitabı
Ömrüm tükəndi hicrdə səbrü dirəngdən

Ömrüm tükəndi hicrdə səbrü dirəngdən,[i]

Gəlməz ələ vüsal nə sülhü nə cəngdən.

 

Bu xuyi-tündü xişmlə[ii] baxmağı gözlərin,

Dərk eyləyiblə şirdən, aya pələngdən?

 

Mahi-rüxündə çöhrəvü meygun ləblərin,

Gördükcə düşdü ləlilə gülab rəngdən.

 

Qəmzən xəndəki keçdi o növ ilə qəlbdən,

Givin sinani[iii] kim, necə sədri[iv]-Peşəngdən.

 

Bəhri-qəm[v] içrə sındı bu könlüm səfinəsi,[vi]

Dəxi nə bak[vii] var mənə qəsdi-nəhəngdən.

 

Təklifi-layətaq[viii] mənə qılma, ey rəfiq!

Çəkmək olurmu əl bir onun tək qəşəngdən?

 

Heyran öz rizası ilə dərd çəkmiri,

Bu rənclər yetib ona bir şuxi-şəngdən[ix].



[i] Dirəng – Yubanma, gecikmə.

[ii] Xişm – Qəzəb, acıq.

[iii] Sinan – Nizə.

[iv] Sədr – Sinə.

[v] Bəhri-qəm – Qəm dəryası.

[vi] Səfinə - Qayıq.

[vii] Bak – Qorxu.

[viii] Təklifi-layətaq – Güc çatmayan təklif.

[ix] Şuxi-şəng – Qəmzəli gözəl.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info