Qonaq Kitabı
Saqiya! Saldı qəm əldən məni, bir badə yetir

Saqiya! Saldı qəm əldən məni, bir badə yetir.

Həm bu dünyada mənə, həm dəxi üqbadə[i] yetir.

 

Hərçi fəryad edərəm, kimsə yetişməz dadə,

Sən özün dadə yetiş, ol şəhi fəryadə yetir.

 

Ey səba, dərdü qəmim şərh ini yaz namə sifət,

Hər zəmində görəsən ol büti-Növşadə[ii] yetir.

 

Zülfünün tari ilə mürqi-dilin bağla pərin,[iii]

Xəncəri-kirpik ilə xidməti-səyyadə yetir.

 

Gər ki, səyyad ona rəhm eləyib, tökməsə qan,

Qəmzəsi canım alan gözləri cəlladə yetir.

 

Çünki hicran ələmi saldı məni zindanə,

Ey əcəl, rəhm elə, sən də özün imdadə yetir.

 

Məktəbi-eşqdə Heyran! Hərə bir xətt yazdı.

Eşq sərməşqini[iv] sən cəhd elə ustadə yetir.



[i] Üqba – O dünya, axirət (mövhumat.)

[ii] Büti-Növşad – Növşad gözəli. Növşad, gözəlləri ilə şöhrət tapmış bir şəhərdir.

[iii] Mürği-dilin bağla pərin – Könül quşunun qanadlarını bağla.

[iv] Sərməşq – Yazı təlimi, hüsni-xətt nümunəsi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info