Qonaq Kitabı
Gün tülu etmiş üfüqdən, arizi çün ayə, bax

Gün tülu[i] etmiş üfüqdən, arizi[ii] çün ayə, bax,

Çətri-mişkini salıb xurşid üzrə sayə,[iii] bax.

 

Qaşları cəllad tək tiqi-sitəm almış ələ,

Kirpiyi peykan sifət[iv] pərçəm olubdur yayə, bax.

 

Ləli-rəxşandır[v] məgər, ya qönçeyi-xəndan, bebin[vi]

Dürr sifət dəndani[vii] gör, yaqutvəş ləbhayə[viii] bax.

 

Fitnələr dünyaya salmış çeşmi-pürəfsuni[ix] gör,

Bərcahan atəş zədə,[x] ol ruyi-məhsimayə[xi] bax.

 

Çün sədəfdir, saf rövşəndir besani[xii]-ayinə,

Ləmeyi-nurəst[xiii] guya, gərdəni-minayə bax.

 

Daneyi-mürği-könüldür,[xiv] aşiyani-mürqi-ruh,[xv]

Xali-hinduyə nigər[xvi], bir zülfi-sünbül-sayə bax.

 

Öldürər, üşşaqra[xvii] hər dəmdə yüz min qan tökər,

Can alar təmkin ilə bengər[xviii], bu istiğnayə[xix] bax.

 

Sərvi-gülzari-cinandır in[xx] və ya huri-behişt,

Nazilən cövlan edər, bu qəddi çün rənayə bax.

 

Mən bəto[xxi] qurban olum, ey Leyliyi-şirin süxən,[xxii]

Firqətin Heyranı saldı, əlqərəz, səhrayə, bax.



[i] Tülu – Günəşin çıxması.

[ii] Ariz – Üz.

[iii] Sayə – Kölgə.

[iv] Peykan sifət – Ox kimi.

[v] Ləli-rəxşan – Parlaq ləl.

[vi] Bebin – Gör, bax.

[vii] Dəndan – Diş.

[viii] Ləbha – Dodaqlar.

[ix] Çeşmi-pürəfsun – Ovsunla dolu (cazibəli) göz.

[x] Bərcəhan atəş zadə – Dünyaya od vurmuşdur.

[xi] Ruyi-məhsima – Ay görkəmli üz.

[xii] Besani-ayinə – Ayna kimi.

[xiii] Ləmeyi-nurəst – Nur parıltısıdır.

[xiv] Daneyi-mürği-könül – Könül quşunun danəsi.

[xv] Daneyi-mürği-ruh – Ruh quşunun yuvası.

[xvi] Xali-hinduyə nigər – qara xala bax.

[xvii] Üşşaqra – Aşiqləri.

[xviii] Bəngər – Bax, gör.

[xix] Istiğna – Saymamaq, ehtiyac göstərməmək.

[xx] Sərvi-gülzari-cinandır in – Bu, behişt gülzarının sərvidir.

[xxi] Mən beto qurban – Mən sənə qurban.

[xxii] Leyliyi-şirin süxən – Şirin sözlü Leyli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info