Qonaq Kitabı
Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı

Yaxın zamanlara qədər Zaqafqaziya islam əhlini rus dilində “müsəlman” adlandırırdılar. Bu anlayış altında təkcə islam dininə sitayiş edənləri yox, ümumiyyətlə, türk dilində danışan Rusiya Zaqafqaziyasının əhalisini nəzərdə tuturdular. Dinlərinə görə ruslar tərəfindən xalqın belə adlandırılması müsəlmanların özlərindən qaynaqlanır. Çünki onlar indiyə qədər milli dil və din anlayışlarını itirib, öz xalqlarını və öz dillərini “müsəlman” adlandırırlar.

“Hansı xalqa məxsusdurlar və hansı dildə danışırlar?” sualına Zaqafqaziya müsəlmanı başqa cavab vermir, yalnız deyir ki, o, müsəlmandır və müsəlmanca danışır. Erməni-katoliklər də öz xalqlarını və dillərini katolik adlandırırlar.

Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində “tatar” adlandırmağa başlamışdılar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz.

Zaqafqaziya məhəmmədilərinin danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri.

Zaqafqaziya müsəlmanlarının “tatar” adlandırılması təcrübəsinin yerinə düşmədiyi Bakıda da hiss olunur. Burada daxili quberniyaların tatarları ilə daha yaxşı tanış olan ruslar, başqalarından tez hiss edirlər ki, Zaqafqaziya türkü ilə daxili quberniyadan olan tatar arasında nə qədər böyük fərq var: dilində, görkəmində, qanunlarında, adətlərində. Buradan da o irəli gəlir ki, Bakıda da Zaqafqaziya islam əhlini “fars” adlandırırlar. Əlbəttə ki, belə adlandırma da yerinə düşmür. Əgər Zaqafqaziya türkü tatar deyilsə, heç fars da deyildir. Xalqlar bir-biri ilə dillərinə görə fərqlənirlər. Türk dili ilə fars dili öz aralarında tamamilə fərqlidirlər.

Zaqafqaziya müsəlmanlarını “tatar” adlandırmaq həm də ona görə düzgün deyil ki, bu müsəlmanların nə özləri, nə də onların yaxın qonşuları: farslar, osmanlılar, kürdlər, nə də ermənilər onları bu adla adlandırmayıblar və heç bir başqa ad haqda eşitmək belə istəmirlər. Düzünü desək, bu hətta onları təhqir də edir. Teymurləngin hücumları zamanından “tatar” adı monqol işğalçıları tərəfındən qarət edilmiş bütov Asiyada acıqla və nifrətlə çəkilir.

Zaqafqaziya müsəlmanlarını “azərbaycanlı”, onun dilini isə “Azərbaycan dili” adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İrandan Rusiyanın payına düşmüş Adərbedjan (Azərbaycan) mahalı - indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla yox, ancaq “Azərbaycan türkləri” adlandırırlar.

Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn “azərbaycanlı türk” və yaxud “aderbedcanlı türk” dili.

Ona görə də Zaqafqaziya müsəlmanlarını “azərbaycanlı”, Zaqafqaziya türk dilini isə “tatar dili” əvəzinə “Azərbaycan dili” adlandırmaq məqsədəuyğun olardı.

 

MƏHƏMMƏD AĞA ŞAHTAXTİNSKİ

“Kaspi”, 1891, â„– 93.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info