Qonaq Kitabı
BƏN BULMUŞAM

Ey Tanrının cənnət uman qulları,
Bən cənnəti bu dünyada bulmuşam!
Aramaqdan bezdiyiniz yolları
Aramadan bən sevdada bulmuşam!


Oxşayaraq Yıldızını, Ayını,
Bən sayamam cənnətimin sayını!
El deyən cənnətin bən bir tayını
Açıq gözlü bir röyada bulmuşam!


Eşitmədən, anlamadan yerini,
Dərvişlərin çağırdığı pirini;
Inandığım ərənlərin birini
Uc-bucaqsız bir səhrada bulmuşam!


Daşıyanlar vicdanların dərini,
Bucaqlarda arar gözəl yarını;
El cəfada diləndigi varını,
İmanını, bən səfada bulmuşam!


Yürəkdən “ney”lərə çəktirən ya hu!
Aşiqin inləyən neylə sorduğu;
Böyüklərin sanıb, heyran olduğu,
Nöqtəyi bən macərada bulmuşam!


Şərqin gülü, milli meyi, nəvası,
Qərbin könül sıxan ağır havası;
Rahiblərin, keşişlərin duası
Umduğunu masivada bulmuşam!


Çıxmışkən günahı vaizin dizə,
Vəz edib durmaqda bax yenə bizə!
Söylənəcək sözü dinə, dinsizə,
Vicdandakı bir sədada bulmuşam!


Bən ki, hindin sofisinə, sözünə.
Qulaq verməm, Qərbin baxdım yüzünə.
Büründüyü tülə degil, gözünə,
“Ney”dəkini bən nəvada bulmuşam!


Ağlamazsa qara bəxtin bulutu,
Bəsliyor vicdanım bir böyük duyğu!
Hər iki dünyanın nerdədir sonu,
Cavabını intihada bulmuşam!


İnandım ki, hər fəryadın sonu var,
Bir gün gələr Yer yüzündə yaz olar!
Gələn günü düşünənlər, yazanlar
Duyduüunu bu xülyada bulmuşam!

Çakva, 1919, 11 aprel

__________
* Haman tarixdə türk əsgəri tərəfindən Bakıya hücum edildiyi vaxt yazıldı.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info