Qonaq Kitabı
İMDAD

Vicdanım əmr etdi, imdada gəldim,
Məzlum səsi duydum, mən dada gəldim!


Ziyafət görmədim, yaslıdır ellər,
Çoxalmış məzarlar, dərdini söylər.
Talanmış şanələr, yolunmuş tellər,
Olduğunu duydum, imdada gəldim!


Yarılmış qorxudan pənbə dodaqlar,
Aşiqlər ah çəkər, dərdindən ağlar.
Bax, nələr söyləyir tarlalar, dağlar,
Qardaş səsi duydum, imdada gəldim!


Qonşularda toydur, bizdə ağlaşma,
Bu yerdə qız gülməz, gəl heç uğraşma!
Sən ey dərdli könlüm, burda dolaşma!
Bən səninçün deyil, imdada gəldim!


Qarları boyamış məzlumlar qanı,
Ölənlər çox, fəqət məzarı hanı?
Ayaqlar altında şöhrəti, şanı
Qalanları görüb, imdada gəldim!


Bir yerdə ki, zalım bayrağı sanca,
Göz yaşı tökülər o yerdə bunca;
Bu dərdə ağlayım, bir ah, doyunca,
Qərib səsi duydum, imdada gəldim!


Verib yad əllərə sırma telini,
Gəlinlər buraxmış gözəl elini.
Anasızdır yavru, sən söylə ninni.
Ninnisiz yavruya, imdada gəldim!


Tutmaz bacaları, yanmaz çıraqlar,
Qardaşı bacıdan ayırmış dağlar.
Bacılar nerdədir, buludlar ağlar?
Qardaşsız bacıya imdada gəldim!


Cəsədlərlə dolmuş qarların altı,
Aylar var ki, minməz igidlər atı.
Gəlmə, yaxar səni qərib bayatı!
Sus!.. qərib bayatı, imdada gəldim!


Fəlakət görməyən millət olarmı?
Düşün, bir az düşün, heç qanın varmı?!
Gözlər kormu, yoxsa könüllər darmı?
Ah, niyə bən yenə fəryada gəldim!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info