Qonaq Kitabı
HƏRBZADƏLƏRƏ

Ey görünməz dost elindən gələn quş!

Hansı murdar əllər yıxmış yuvanı?

Qəribmisən, yoxsa nədir bu duruş!

Əlindənmi aldı ovçu balanı?

Ovçu, görüm yavrun sənə qalmasın,

Əkdiklərin solsun, kölgə salmasın!

Qərib bacı, gözün nədən yaşarmış?

Öpmədinmi nişanlını doyunca?

Fələk sənə nə istərsə yaparmış?.. 

Ağladınmı qaçdığın yol boyunca?

Dikmə gözün hər yalqızca məzara,

Gedən gəlməz, bacım, baxma yollara!

Aşıqlardan səs yox, sazları qalmış,

Çoban, sürün hanı, tozları qalmış?!

Ellər köç eyləmiş, izləri qalmış,

Yolları qar basmış, yox gəliş-gediş,

Sizə nə çox ağır keçdi bu yıl qış?!

Baxdım o yerlərdə buludlar ağlar,

Məzarlığa dönmüş bağçalar, bağlar,

Maralsız qaldınız, a qarlı dağlar,

Tutan olsa Sizdən maral sorağı.

Görəcək ki, hər yer düşman yatağı!

Nişan məclisində şərbət kasası

Qırılmış, yerlərə şərbət tökülmüş.

Baxdım, çalır sazlar ölüm havası;

Toylar qara geymiş, bellər bükülmüş,

– O yerlərdə daha gəlin köçərmi?!

Bu qanlardan adil Allah keçərmi?!

Didilmiş bədənlər, yolunmuş saçlar...

Dağılmış yuvalar görmək istərsən;

Qardan kəfən geymiş, yoxsullar ağlar,

O ellərdə nə var bilmək istərsən, –

Sənə bir kamança hər şeyi söylər,

Mən bir kamançayam, tellərim inlər!

“Əzizim, ay har aylar,

Hər həftələr, hər aylar.

Gözü yolda dul bacımız

“Qardaş” deyib haraylar”!

Onlar sana göz dikərkən

Şərab içmə, düşün bir az.

Ey, hər zaman “mərdim” deyən!

Bundan artıq fürsət olmaz!

Ay ağalar, ay xanımlar,

Görün, sizə göz dikən var!..



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info