Qonaq Kitabı
Nıyazi AXUNDZADƏ. "ATAM ƏHMƏD CAVAD"

Atamı hər dəfə xatırlayanda iki hiss keçirirəm; bir tərəfdən ağır kədər hissi, o biri tərəfdən iftixar hissi! Bu hisslərlə hər dəfə onun haqqında düşünəndə gözümün qarşısında uca boylu, göy gözlü, işıqlı, məğrur və nikbin bir insan canlanır. Həyatının ən çətin və ən qəmli anlarında belə onu sarsılan, sısqayan, bir küncə qısılıb şikayətlənən, kədərə qapılan görməmişəm. Hər şeyə nikbin, xeyirxah bir gözlə baxmağa adət etmişdi. Bu, təkcə adət deyildi. Onun öz varlığından, daxilində qaynayan duyğulardan süzülüb gələn sehrli, inamlı, güclü bir işıq idi.

Bir də atamı xatırlayanda onu at üstündə görürəm. Atı çox sevirdi, onu minəndə tamam dəyişir, sanki başqa adam olurdu. Yay aylarında Şamxorun Seyfəli kəndindən müxtəlif yerlərə atla gedərdik. Atam çox vaxt məni, bir də qardaşım Aydını özü ilə aparardı. Həmişə onun atı məni keçərdi. Elə bilərdim ki, mindiyim at pisdir, əfəldir. Bnr dəfə dözə bilməyib dedim ki, sənin atın yaxşıdır. Atam qəhqəhə çəkib gülə-gülə dedi ki, gəl, atları dəyişək. Mən də sevinclə onun sürdüyü ata qalxdım. Yola düşdük. Bir də gördüm ki, atam atını sürətlə sürüb qabaqda gedir. Bu, xeyrimə olmadı. Buna baxmayaraq xatirimdə əbədi qaldı. Heç zaman bu epizodu unutmuram. Burda fövqəladə bir şey yoxdur. Amma atamın - Əhməd Cavadın xarakterindəki bir cəhəti çox gözəl büruzə verir. O da həyata qaynayıb qarışmağından, həyat sevgisindən ibarətdir. Əhməd Cavad tənhalığı, sükunəti sevməzdi, həmişə adamlar arasında, təbiətin qoynunda olmağa can atardı. Təsadüfi deyil ki, istirahətə uzağa getməz, uşaqlıq və gənclik illərini keçirdiyi Seyfəli kəndinə təşrif gətirərdi. Demək olar ki, elə bu kənddə, ailəsi ilə birlikdə qalardı.

Göz açdığım, həyatı dərk etdiyim gündən atamın şerlə yaşadığını görmüşəm. Ətrafında da həmişə ədəbiyyat və incəsənət adamları. Təkcə onlarla dostluq etmirdi. Adi, sıravi adamlarla dostluğundan da çox danışmaq olar. Kiminlə əlaqə saxlayıb dostluq edirdisə, bunlar da ədəbiyyat və sənətlə əlaqədar idi. Ədəbiyyatsız, sənətsiz onun həyatını təsəvvürə gətirmək mümkün deyil.

Atam gecələr işləməyi sevərdi. Hər gecə onun üçün təzə-təzə misraların yaranması demək idi. O da yaxşı yadımdadır ki, atamın şerləri qəzetdə çap edilən kimi, dərhal yayılır, güclü əks-səda doğurur, hətta əzbər deyənlər də tapılırdı. Məktəbdə, həyətdə, küçədə tez-tez məndən atamın şerlərini ya soruşur, ya da istəyirdilər. Əhməd Cavad ədəbiyyata, sənətə həmişə yüksək tələbkarlıqla yanaşardı. Heç zaman tələsməzdi. Şeri əvvəlcə ürəyində yaşadar, bir-iki gün bu barədə danışar, ayrı-ayrı misraları deyər, fikirləşər, düşünər, bütün bunlardan sonra üzə çıxarardı. Mən onun sürətlə, cızma-qara eləyib, yungül yolla şer yazdığını görməmişəm. Elə bilirəm ki, atamın ən yaxşı, ən gözəl şerləri elə bu tələbkarlığın nəticəsində meydana çıxmışdı. Əlbəttə, bəzən elə həvəslənir, elə ilhamlanırdı ki, özünü saxlaya bilməyib şer qoşurdu. Məsələn, eşitdiyimə görə məşhur “Göygöl” şerini elə Göy gölün özünə bədahətən söyləmişdi. Yəqin ki, Göy gölün gözəlliyindən vəcdə gələn şairin ürəyində şer cücərməyə başlamış, qeyri-adi ilhamın, həvəsin, məhəbbətin gücünə sürətlə yaranmışdı.

Mən «Kür» şerinin necə yaranmasının şahidiyəm. Əvvəlcə Əhməd Cavad bu çayla bağlı müxtəlif məlumatlar topladı, sonra onun haqqında çıxan ədəbiyyatla tanış oldu, coğrafiyasını, tarixini öyrəndi. Bunlarla kifayətlənməyib, Kürün hansı şəhərin, rayonun böyründən keçirsə, bu şəhərin, rayonun haqqında da xeyli material oxudu. Bunlardan sonra «Kür» şerini həvəslə, ilhamla yazmağa başladı və müvəffəqiyyətlə başa çatdırdı. Əhməd Cavad onu müasir dövrün tələbləri əsasında, yeni quruculuğa cavab verəcək fikir və duyğularla, tam inamla yazmışdı. Təəssüf ki, xoş niyyətlə, təmiz arzularla, sovet xalqının əsl istəkləri ilə səsləşən motivlərlə dolu olan bu şer də bədxah tənqidə məruz qaldı. Ümumiyyətlə, atam yeni sovet cəbhəsinə keçmək üçün bütün varlığı ilə çalışır, partiyamızı, xalqımızı, bütün cahana səs salan quruluşumuzu tərənnüm etməyə həmişə can atırdı. Buna baxmayaraq, qəribə o idi ki, hər zaman, hər yerdə onun üstünə düşürdülər. Bir dəfə, beş altı şeri Türkiyə qəzetlərində çap olunduğu üçün az qala onu çarmıxa çəkirdilər. O dövrün qəzetlərini vərəqləyin. Atam haqqında çıxan yazıları oxuyanda, adamı dəhşət bürüyür.

Bu yerdə xeyirxah bir insanın adını çəkməyə bilmirəm. Hamı Əhməd Cavadın üstünə düşmüş, şerləri xaricdə çıxdığı üçün amansız tənqid atəşinə tutulmuşdu. Eninə-uzununa döşəyirdilər. Bunların arasında qocaman ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin balaca məqaləsi çap olunmuşdu. Böyuk ədib də Əhməd Cavadı tənqid edirdi. Amma necə?! İnsan kimi, ağsaqqal kimi, müdrik kimi! Həm də atama necə böyük inam bəsləyirdi və bütün qəlbi ilə ona inanırdı. Əgər hamı belə münasibət bəsləsəydi, bəlkə də atam tutulmaz, bəlkə də fəlakət baş verməzdi.

“Kür” şeri ilə əlaqədar başqa bir fikrimi də bildirmək istəyirəm. Əhməd Cavad ilhamlı, qaynar şairdi. Bu cür güclü şerlərin sayını artıra bilərdi. Onu elə həvəsdən salırdılar ki, heç nə yaza bilmirdi. Əgər möhkəm iradəli və nikbin adam olmasaydı, çox şeyə dözməzdi. Çox vaxt ürəyində pöhrələnən mövzulardan, hiss və duyğulardan qaçmaq məcburiyyətində qalırdı. İstəyirdi ki, dövrün tələblərinə cavab verən nəsə maraqlı bir şey yazsın, bu da onu yolundan sapdırır, çaşdırır, zorla, güclə nəsə yazır, “Kür” şeiri kimi yenə atəşə tutulurdu. Həvəslə, ilhamla yaza biləcəklərini isə sonraya saxlayırdı. Beləliklə, gör nə qədər şer, nə qədər əsər eləcə qəlbində qaldı, üzə çıxmadı. Təəssüf, yenə təəssüf!

Atam bəraət qazanandan sonra 1958-ci ildə “Şeirlər” adlı kitabı çapdan çıxanda çox sevindim. Kitaba yazılmış giriş məqaləsini oxuyanda isə dilxor oldum. Yenə Əhməd Cavada, onun şerlərinə ciddi ittihama bənzəyən tənqidi qeydlər vardı. Axı Əhməd Cavad tənqidi xirtdəkdən yuxarı görmüşdü. Bəs deyilmi?! Bir şeyi başa düşmək lazımdır ki, Əhməd Cavad məhdud adam deyildi, geniş düşüncəli, hərtərəfli, zövqlü, mədəni bir şəxsiyyət kimi tanınırdı. Belə bir adam haqqında «yeniliyi aydın ifadə etməkdə çətinlik çəkirdi» demək böyük ədalətsizlikdir, böyük səhvdir. Əhməd Cavad təpədən-dırnağa qədər əsl şair təbiətinə malik; bütün varlığı ilə xalqa, torpağa bağlanan; onun arzu və istəkləri ilə nəfəs alan ilhamlı, çoşğun bir insan kimi yazıb yaradırdı. Təsəvvür edin ki, onun həyat yolu əziyyətli, çətin, eyni zamanda müsibətli olmuşdu. Buna baxmayaraq həmişə nikbin qalırdı. Halbuki yenə həmin məqalədə onu bədbin kimi qələmə vermək cəhdi olduqca pisdir və xoşagəlməzdir. «Bu lirik əsərlərin bəziləri öz ruhu etibarilə bədbinlik və ruh düşgünlüyü ilə doludur» fikri əsaslı deyil, göydəndüşmədir, otuzuncu illərin damğalı sözlərini təkrar etməkdən başqa bir şey deyildir. Çünki həzin, intim duyğulu şerlər heç də təkcə bədbinlik və ümidsizlik duyğularını aşılamır. İnsan həyatında hər şey olur, sevinc də, kədər də, lap elə bədbinlik də, ümidsizlik də! Əgər atam bu duyğulardan da yazıbsa, burda pis nə var?! Onun sovet dövrundəki  yaradıcılığını götürsək, poeziyasında nə qədər işıqlı və maraqlı cəhətlərin olduğunu görə bilərik. Əvvəlcə onu deməyi borc bilirik ki, Əhməd Cavad Leninə, Oktyabra, yeni quruculuğa dair ardı-arası kəsilmədən, dalbadal çoxlu şer yazmış, gəncliklə ayaqlaşmağa çalışmış, dövrün, həyatın nəbzini tutmağı bacarmışdır. İkincisi, onun şerlərində yeni əməllərin, işlərin, xarüqələrin, dostluq, qardaşlıq və beynəlmiləlçilik duyğularının tərənnümü çox güclü olmuşdur.

Əhməd Cavad poeziyasının, heç şübhəsiz, əsas və aparıcı qüvvəsi lirikadır. Bu lirika yüksək insani duyğularla, gözəlliklə, məhəbbətlə doludur. Uzağa  getməyək, elə “Göygöl” şeirini götürək. Buna təkcə təbiət lövhəsinin təsviri kimi baxmaq olmaz. Bizcə Əhməd Cavad bu gözəllik duyğusunu ürəyimizdə oyada bilib. Bu şer Göygölə həsr olunan yüzlərlə əsərin içində ən yaxşılarından biridir.

Kəsin eyşi-nuşi, gələnlər, susun,

Dumandan yorğanı, döşəyi-yosun.

 

Bir yorğun pəri var, bir az uyusun,

Uyusun dağların maralı Göygöl.

Dəhşətli 1937-ci ildən əvvəl atamın başına başqa bir fəlakət gəldi. Məktəbi təzəcə bitirmiş, 16 yaşında Almaz adlı bacım ağır xəstəlikdən vəfat etdi. Bu, atam üçün gözlənilməz bir zərbə oldu... Çox sevdiyi, ürəkdən bağlandığı bu mehriban və gözəl qızını xilas etmək üçün bütün qüvvəsini işə saldı. Bakıda müraciət etmədiyi həkim qalmadı. Ən nəhayət, Sxaltubaya apardı. Orda Moskvadan gələn bir professora ümid bağladı. Professor isə ciddi müayinədən sonra onda «sarqoma» xəstəliyinin olduğunu söyləyib geri çəkildi. Atam qızını həyata qaytarmağa çalışır, bunun üçün dəridən-qabıqdan çıxırdı. Amma bacara bilmirdi. Bəli, atam onu dirildə, həyata qaytara bilməsə də, bu ölümə elə gözəl şer yazdı ki, balasını əbədiyyətə qovuşdurdu. Bu, elə təsirli, elə güclü şer oldu, bizcə, ölən bir insanı yenidən həyata qaytardı. Həm şerin özü canlandı, həm də sevimli bir qız! İlahi bir qüvvənin sehri ilə yaradılan misralar böyük məhəbbətin yanğı dolu ifadəsidir, sanki söz-söz yox, köz-köz alışıb yanırdı. Təkcə “can verən sən idin, canı çıxan mən” misrası nə qədər güclüdür! Atamın qapqara saçları qızının ölumündən sonra tamam ağardı. Çoxu bunu heyrət içində qarşıladı.

Bu faciədən sonra qarşıdan atam üçün ikinci faciə gəlirdi. Hər şeyi duyur, bilir və anlayırdı. Bir ildən çoxdu ki, heç yanda işləmirdi. Yaxına da qoymurdular. Şerlərini çap etmirdilər. Bunlara baxmayaraq atam özünü sındırmır, şax və məğrur gəzirdi. Onun Türkiyəyə getməyə bütün imkanları vardı. Bəli, vardı, asanlıqla, heç kəsin xəbəri olmadan, sakitcə çıxıb gedə bilərdi. Bunu isə xəyalına gətirmək istəmirdi. Uşaqlarını, ailəsini, ömür-gün yoldaşını ilahi bir məhəbbətlə sevən bir adam onları atıb özünü qorumaq naminə uzağa gedərdimi?! Qətiyyən! “Sədəf” adlı bir roman yazmışdı, onu Yazıçılar İttifaqında oxuyurdular. “Ədəbiyyat qəzeti” səhifələrində «Sədəf» romanının müzakirə edilməsi haqqında bir məqalə də çap olundu. Sonra bu roman necə oldu, harda yoxa çıxdı, bilmədim. İndi də tapılmır. Məşəqqətli, ağır günlər başladı. Atamı aparandan sonra məni də, anamı da həbs etdilər. Nədənsə, bu ağır günləri yada salmaq istəmirəm. Müəyyən müddətdən sonra bizi həbsdən buraxsalar da, atamdan - Əhməd Cavaddan heç bir xəbərimiz olmadı.

Bu ağır və çətin günlərin birində qəribə bir təsadüf məni elə sarsıtdı ki, uzun müddət özümə gələ bilmədim. Küçə ilə gedərkən, birdən yerdə atamın “Dalğa” şerlər kitabını gördüm. “Qoşma” kitabından sonra bu, atamın ikinci kitabı idi. Əyilib götürdüm. Aydındı, kimdisə «xalq düşməni»nin kitabını evində saxlamaq istəməmişdi. Heç kəsi qınamaq olmaz. Həyat mürəkkəb və anlaşılmaz hadisələrlə doludur. Odur ki, kitabı uzun müddət əlimdə tutub yerimdən tərpənmədim. Sonra sövqi-təbii bir duyğu ilə onu yavaş-yazaş vərəqlədim. Gördüm ki, ayrı-ayrı şerlərin altından xətlər çəkilib, bir neçə şerin yanında “əla” sözü yazılıb. Bir neçə vərəq qatlanıb. Bu sarsıntı içində qum dənəciyi boyda xoş bir duyğu bədənimdə oyandı. Demək, “Dalğa” oxunub, əldən-ələ gəzib, şerlərdən, ayrı-ayrı misralardan istifadə olunub. Yerdən tapdığım o kitabı evə gətirdim, onu indi də arxivimdə qoruyub saxlayıram: atamdan qalan ən qiymətli yadikar kimi!

Atam haqqında çox sonralar, əllinci illərdə məlumat əldə edə bildim. Onu həbs edəndən sonra möhkəm incidiblər, əzab və işkəncə veriblər. Nəyisə boynuna qoymağa çalışıblar, atam heç bir sənədə qol çəkməyib, mübahisə edib, razılaşmayıb, öz fikirlərini dönmədən, qətiyyətlə axıra qədər qoruyub saxlayıb. Nəhayət, ağır, çətin işkəncələrə tab gətirməyib, keçinib. Ürəyi ən zərif, ən incə duyğularla dolu bir insanı əzabla öldürmək! Bundan dəhşətli nə ola bilər?!

Həmişə bu ağır səhnələri yox, atamın dostları ilə birlikdə keçirdiyi xoş günləri xatırlamağı daha çox sevirəm. Axı onun saysız-hesabsız dostları vardı. Onların arasında Bülbülün adını ehtiramla çəkmək istəyirəm. Bülbül İtaliyaya getməmişdən əvvəl bizim evə tez-tez gələrdi. Atamın xətrini çox istəyir, şerlərinə qulaq asmağı sevirdi. Sonra Cahan Talışinskayanın adını ehtiramla çəkməyi lazım bilirəm. Cahan Talışinskaya Cabbar Qaryağdı ilə birlikdə bizə qonaq gələrdilər. Atamda qəribə bir cazibə, sehr vardı, yəni onunla bir dəfə görüşən, yenə görüşməyə böyük ehtiyac duyurdu. Xüsusilə qadınlar onu çox sevirdilər. Cahan Talışinskaya, Özbəkistanın məşhur aktrisası Tamara xanım atamın məclislərində dəfələrlə olmuş, şerlərini dinləmiş, bəzilərini öz repertuarlarına salmışdılar.

Atamın Hüseyn Cavidlə ailəvi yaxınlığı vardı. Cavanlardan isə Mikayıl Müşfiqlə xüsusi dostluq edirdi. Müşfiq təzə şerini ilk dəfə Əhməd Cavada oxuyardı, Əhməd Cavad da ona. Atam Muşfiqin hafizəsinə heyran qalardı. Hər dəfə onu ağızdolusu tərifləyirdi. Şamxorda dost və tanışlarının sayı daha çox idi, ona görə hamısını, xatırlaya bilmirəm, Köhnə kommunistlərdən Qasım Çaparlının və Məmməd Namazovun adlarını çəkməyə ehtiyac duyuram. Seyfəli kəndində uşaqlıq, gənclik dostlarına bəslədiyi məhəbbəti ayrı məhəbbət idi. Bir şey yaxşı yadımda qalıb. Atam Nərimanov adına texnikumda ədəbiyyat dərsini keçərkən tələbələrin ona necə böyuk sevgisi vardı, bunu təsvir etməkdə acizəm. Elə bayram olmazdı ki, onlar atamı təbrik etməyə gəlməsinlər.

Əhməd Cavad dahi sənətkarlarımız Nizami, Fuzuli, Nəsimi ilə əlaqədar, yaxud Firdovsi, Xəyyam, Hafiz kimi böyuk şairlərin yaradıcılığı ilə bağlı məclislərdə iştirak edər, mübahisələrə qoşular, öz fikirlərini deməkdən çəkinməzdi. Qədim Gəncədə Mollayev soylu bir kəlağayçı Nizaminin vurğunu idi. Atam həmişə onunla görüşər, Nizami haqqında yeni məlumatlarla bir-birini tanış edərdilər. Gəncədə Əsgər adlı xanəndə ilə dostluğu uzun müddət davam etdi. Atam onu və səsini çox bəyənirdi.

Atam həm Bakı, həm də Gəncə dövlət dram teatrları ilə sıxı əlaqə saxlayır, əkəkdaşdıq edir, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırdı. Bu illərdə Gəncə teatrı üçün V.Şekspirin “Otello” pyesini tərcümə etdi. Ümumiyyətlə, tərcümə atamın yaradıcılığında mühüm yer tutur. Şevçenkonun, Rustavelinin əsərlərini ilk dəfə Azərbaycan dilinə Əhməd Cavad tərcümə etmişdir.

Əhməd Cavad bədahətən şer deməyi sevirdi. Onlardan birini də mənə demişdi. Anamın, mərhum qardaşım Aydın Axundzadənin dilindən eşitdiyim bu parçanı misal gətirmək istəyirəm:

Niyazi qara kədi   (yəni pişik)

Südün üzünü yedi.

Qəbahət annəsində -

Dolabı kitləmədi.

Əhməd Cavadın qoyub getdiyi ədəbi irs zəngindir; şeirlər, hekayələr, tərcümələr, məqalələr, məktublar... Bunların bəzisi “Sədəf” romanı kimi tapılmayıb. İllər keçir, qədirbilən xalq öz doğma şairini bu gün hörmət və ehtiramla yad edir. Yüksək mədəniyyətli, nəcib və xeyirxah, zərif ürəkli, əsl ziyalı Əhməd Cavad az yaşasa da, mərd yaşadı, məğrur yaşadı, həyatını da alnıaçıq, üzüağ, fədakar bir insan kimi başa vurdu. Onun varlığında yanan böyük duyğular, elinə-obasına bəslədiyi sonsuz məhəbbət, sədaqət, insanlara inam bu gün də Əhməd Cavadı bizim gözümüzdə ucaldır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info