Qonaq Kitabı
AYLA GÜNƏŞ

Bir gün göydə gəzən Ay,

Sallanan Ay, süzən Ay

On dördünə girərkən,

Bir axşam çıxdı erkən,

Nurlu altun tas kimi;

Parladı almaz kimi;

Oğurlayıb bu qızı,

Üfüq geydi qırmızı;

Buludlar da əyib baş,

Çəkildi yoldan yavaş.

Külək aldı sazını,

Çəkdi onun nazını.

Qucaqlaşınca Ayla

Dənizlər çaldı layla,

Ulduzlar alay-alay

Dedilər: “xoş gəldin, Ay”

Ay sallandı, sallandı,

Hər yandan əl çalındı...

 

Bilməyən azdır Ayı,

Lovğalıqda yox tayı.

“Mən çox qəşəngəm!” deyə,

Endirmədi kimsəyə.

“Yoxdur mənə göydə eş”

Deyərkən getdi sərkəş;

Üfüqdən süzdü keçdi,

Bulutdan üzdü keçdi,

Dənizdən aşdı keçdi,

Yolları sancdı keçdi,

Fınxırdı ulduzlara:

“Mən hara, sizlər hara!

Qüdrətindən artıq payım,

Göylərdə yoxdur tayım;

Bu yarım-yaraşığım,

Bu axan saf işığım.

Buludlara rəng verir,

Rənglərə ahəng verir.

Söhbətim var, sazım var,

Dözülməyən nazım var;

Salmayın haray-huray,

Mənə Ay deyərlər, Ay”.

 

Ayla kim eylədi bəhs,

Ulduzlarda yoxdu səs;

Zöhrə darğın çırpındı,

Dan ulduzu qırpındı,

Gördük ki, çox azdı Ay,

Külək coşdu çaldı nay,

Dağlar hayqırdı yandı,

Səsdən Günəş oyandı.

 

Durub baxdı uzaqdan,

Gördü Ay keçir haqdan.

Düşündü: işıq məndən,

Bəzək, yaraşıq məndən.

...Aləm mənimdnr! - deyə,

Bu başlamış səs-küyə,

Nankor imişsən vay-vay,

Gör sənə neylərəm, Ay!

 

Gözünə döndüyüm Gün,

Aya dərs vermək üçün

“Baxarıq!” deyə-deyə,

Bir az, beş-on saniyə

Əl vurub camalına,

Keçdi Yerin dalına.

İndi baxın siz Aya

Çaxmaq çaxın siz Aya;

Göydə geniş ölkədə,

Enib yatdı kölgədə.

 

1936-cı il, Bakı 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info