Qonaq Kitabı
SƏLLALLAH

(İxtisarla)

 

... Sən seyid olasan, ətin də acı,

Bu öylə dərddir ki, yoxdur əlacı.

Soxasan gözünə təndiri, sacı,

Aşmaz yenə onun kari, səllallah?

 

Oyləsi vardır ki: çıxır minbərə,

Yol-ərkan öyrədir peyğəmbərlərə.

Düşüncə əlinə fürsət bir kərə,

Qoymaz qalsın kini, vari, səllallah!

 

Gəncədə seyid ki, hər şeydən çoxdur,

Az nəsil vardır ki: seyyidi yoxdur.

Hər kim ki, çolaqdır, bir az buruqdur,

Xızr olur, söndurür nari, səllallah!

 

Ancaq bənim dostum Kəblə Seyidəli,

Başqa seyidlərtək deyildir dəli.

Səxavət əhlidir, açıqdır əli,

Görübdür dövləti, vari, səllallah!

 

Ömründə əlinə almamış qumar,

Nə qart çəkər xəlvət, nə də nərd oynar.

Doğrudan, kişidə zühdü təqva var,

Alnında möhürün yeri, səllallah!

 

Bağda üzüm basar şaraphaşarap!

O sirkə üçündür, həqdir bu hesab.

Əmri-şərifində içməmiş şərab,

Tökülməmiş onun ari, səllallah!

 

Cavan günlərində anladı, qandı,

Kərbalaya getdi, bərkidi andı,

Müxtəsər ki, dostum bir başqa candı,

Yazın gülü, qışın qarı, səllallah!

 

Deyirlər, yağ çəkib sünbülü bığa,

Gedib cavanlıqda nişanbazlığa.

Eyvanın altında cumubdu zığa,

Süzələnmiş evə sarp, səllallah!

 

Bəzi dostlarımız edir ki, irad,

Ona çətin deyil dünyada heç zad,

Azdır bir kişiyə söz yox bir arvad,

Cəddi çağırtmışdır cari, səllallah!

 

Aranda dözməyib qarğa-quzğuna,

Çıxıb ki, Gəncədən yaylağa qona...

Birinci arvadı basıb furquna,

Saxlamış yanında yari, səllallah!

 

Mücaviri-iman, şeyxi-pürxətər,

Xəbər verdi bənə dostu İsgəndər.

Var imiş aşnamın fikrində səfər,

Səlamət gələydi bari, səllallah!

 

Çıxmadı İsgəndər heç çəlpəşikdən,

Qumarda əl çəkməz bircə qəpikdən.

Ən yaxın dostuna döşər təpikdən,

Bizə şahin çıxmış sari, səllallah!

 

Şeyx var – şərrə qardaş, fitnəyə – bacı,

Hamısı çəpkeçən, ətləri acı.

Hər nədən dəm vursan, onun leylacı,

Sevərlər növhəni... tari, səllallah!

 

Qanlı İsrafildir müridlərə xas,

Silinmiş, qalmamış ürəyində pas.

Deyirlər, o tapmış əvvəl asi-nas,

Seyidlərin yari cari, səllallah!

 

And olsun bağında bişən kəbaba,

Bağda çalışmağı gəlməz hesaba.

Fikir verib kişi dərsə, kitaba,

Bayraqların rəngi sari, səllallah!

 

Cəddi Rəsuliillah yetsin dadına,

Çox şeylər söylənir onun adına.

Biz də yetək, o da öz muradına! -

Sevinsin qız, oğlan, qari, səllallah!

 

Slavyanka, 25.VII.1928

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info