Qonaq Kitabı
DOSTUM XANƏNDƏ ƏSGƏRƏ

Bizi məclisdə qoyub pul dalınca  

getməsi münasibətilə 

 

Əsgər, sən arifsən, fikrü zikrini,

Nə pula, dövlətə, nə də vara ver.

Dadlı səsindəki nazlı nəşəni,

Sədaqətli dosta, gözəl yara ver.

 

Yığıldıq bir axşam aşina, yoldaş,

Dilxor etdin getdin; dağıldıq obaş.

Sənə kim söylədi, sənətkar qardaş,

Nazı bizə, zövqü partazara ver.

 

Əvvəl sərraf idin, yenə sərraf ol,

Saxla sifətini, təmiz ol, saf ol.

Ariflərdən sayıl, əhli-insaf ol,

Könlünü şairə, bir də tara ver.

 

Böylə düşmüş bizim işlər əzəldən,

Dostların zövq alır şerü qəzəldən.

Bizdə badə içdin bir gözəl əldən,

Çətin dərdimizə yetiş, çara ver.

 

Sən ki,  anlayırsan ahı, ahəngi,

Qoşaşdır ahimlə ləhni-sarəngi.

Oynadaram sənə bir ləzgi həngi,

Bizə az kələk gəl, azca qara ver.

 

Bizim yığıncaqda xorhaxor yatdın,

Levon gələr-gəlməz bizləri atdın.

Dedim; getməz Əsgər!.. Qaşını çatdın,

Get, dedim, ləzzəti sən əğyara ver!

 

Gəncə, 3.III.1933



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info