Qonaq Kitabı
GƏNCƏLİ DOSTLARIMA

Aradı canımız qürbətdə yarı,

Könül arzulayar doğma diyarı.

Bu yay gəldim bizim dağlara sarı,

Dedim ki, keçirim yazı, müxtəsər.

 

Yığıldı ariflər, söz anlayanlar,

Dedim: daha getdi qüssə zəhrimar!

Yerim yaşıl dağlar, dost var, aşna var!

Xoş keçəcək çoxu, azı, müxtəsər.

 

Umdum ki, düşəcək əski gün yada,

Gəlintək gəzəcək məclisdə badə.

Zövqü həzz olacaq həddən ziyadə,

Oxunacaq şer, yazı, müxtəsər.

 

Ancaq mənim ruhum sevgili Gəncə,

Görən kimi bizi başladı rəncə.

Burda könül qırmaq ulub əyləncə,

Qalmadım bu yaydan razı, müxtəsər..

 

Bu gün zəmanənin şeyxi-nəjadı,

Qoydu boynumuza xudpəsənd adı.

Əlbət qohum üçun sorular yadı,

Çəkilməz ki, yadın nazı, müxtəsər.

 

Oldu əski hamam, əski tas yenə,

Ta birinci gündən başlandı «iynə».

Anlamadı dost nə, neştərləmək nə?!

Gördüm hoqqa asi qazı, müxtəsər.

 

Zövq alan bir dostum ədəbiyyatdan,

Gah itdən dəm vurdu, gah da ki, atdan.

Xülasə, fərqimiz olmadı tatdan,

Ürkütdüm ördəyi, qazı, müxtəsər.

 

Baxdım dayanılmaz böylə bir dərdə,

Məşğul olmaq üçün girişdim nərdə.

Erməni, müsəlman düşdü hər yerdə,

Açdı könül zarı-zarı, müxtəsər.

 

O qədər içdim ki, dişləmə çayı,

Bilinməz hesabı, tutulmaz sayı.

Xaloğlu, əmoğlu, bacoğlu, dayı...

Qupquru qurumuş tazı, müxtəsər.

 

Narzanın üstündə gündə bir kərə,

Köhlən dəvə kimi çökərdik yerə.

Başlardıq baxmağa “iyirmi birə”,

Atmışdıq söhbəti, sazı, müxtəsər.

 

Allahın nadanı, eşşək naşısı,

Bir yerin ki, oldu dəstəbaşısı.

Qırılar şişəsi, sınar kaşısı,

Daha uzatmayım sözü, müxtəsər.

 

“Kişiyəm”, deyərək yeddi-səkkizi,

Pulsuz görüb, qoyub qaçdılar bizi.

Gedərmi sinəmdən bu dərdin izi?!

Qaçdılar həm dazı, vazı, müxtəsər.

 

Cəbri-nəfs eylədim, yazdım yumuşaq,

Kişiyəm deməsin hər uşaq-muşaq.

Yaxşıdır bunlardan bir qatıqurşaq,

Laçın etmək olmaz bazı, müxtəsər!

 

Slavyanka, 9. IX.1928

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info