Qonaq Kitabı
İSFƏNDİYAR ÜÇÜN

Dedim, özüm gələm, yağış qoymadı,

Köməkçindir yağış yağdıran, qardaş.

Nə qədər içdinsə, gözün doymadı,

Axırda açmısan restoran, qardaş.

 

İçib dodağından bol öpə-öpə,

Sonra da söykəyib başını küpə.

Aslana dönürsən, nə dağ, nə təpə?!

Ərənlər camını dolduran, qardaş!

 

Hərdənbir endikcə papaq qulağa,

Lərzələr düşərmiş ata-ulağa.

Vuruşub, əlləşib, enib bulağa,

Mərdanə qarnını doyduran qardaş!

 

Hərdəm ki, qıyarsan sən şirin cana,

Boyanır süfrələr qırmızı qana.

Kefləndikdə dönüb şirin-jəyana,

Hər vuruşda on beş baş yaran, qardaş!

 

Həmd olsun, son günlər canlandı işin,

Müzdün nəğdləndi, alırsan peşin.

Yamandır: qalmamış bir qırıq dişin,

Düşməz bir də ələ bu dövran, qardaş!

 

Gəlmişdi yenicə damağın dada,

Axşam gözləməsin, söylə arvada.

Nə varsa sandıqda, çuval, torbada,

Xərc elə sən İncil, sən Quran, qardaş!

 

Bir çox illər qaldıq əcəb avara,

Yalvara-yalvara hər vartazara.

İndi allah versin bizim diyara,

Dolmuşdur çaxırla dağ-aran, qardaş.

 

Sifariş eyləyib Məşhəd Cəmilə,

Dəvətnamə göndər İsgəndərgilə.

Ehtimal, bu günlər Əmir də gələ,

Sən oyna, çoxlaşır əl vuran, qardaş!

 

Allah nəsib etsə, bir gülə-gülə,

Səfər eyləyərdin yenə Göygölə.

Bən bir dərviş olub düşmüşəm çölə,

Qalmamış halımı bir soran, qardaş!

 

Qoytul, 1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info