Qonaq Kitabı
PAMBIQ DASTANI

Oxuyurdu tarlada

Kolxozun gözəl qızı:

“Var olsun insanlığın

Beş guşəli ulduzu.

 

Yaşasın Şuraların

Şərəfli istiqlalı!

Yaşasın ölkəmizin

Bu pambıq istiqbalı.

 

Ölkəmiz cənnət oldu,

Pambığa bax, pambığa!

Bu tarlalar bizimdir,

Nə bəy vardır, nə ağa;

 

Aç deyirəm aç, sənə,

Aç, mənim ağ gülüm, hey!

Qış günündə qar kimi

Quşbaşı yağ, gülüm, hey!

 

Pambığın feyzindədir,

Sarsıldı köhnə həyat.

Dünyaya örnək oldu

Kollektiv təsərrüfat”.

 

Mən də qoşdum səsimi

Bu gəncliyin səsinə;

Belə bir dastan yazdım

Bu pambıq ölkəsinə.

 

Muğan, Mil çöllərində,

Sallanar salxım-salxım;

Qaraoğlan ellərində

Camalına mən baxım.

 

Qarayazı düzündə

Çiçəklər tabax-tabax,

Araratın dizində

Əndamına bir gəl bax!

Arazın qucağında

Naz calanır nazına.

Kürün hər bucağında

Qoşulmuş el yazına.

Təpələr çətəyində

Sallanır qəşəng-qəşəng.

Dağların ətəyində

Geyinir yaşıl ipək.

Gəncə, Şirvan, Qarabağ

Sevir bu gülyanağı;

Müxtəsər... yaxın-uzaq

Ellərimin qonağı

Hər yerdə şuxluq elər,

Bu gözəl nə yamandır;

Ulduzlara göz qırpar,

Aman, allah, amandır!

Bulaqlardan daha şən,

Buludlarla çəkişən,

Gülxətmiyə naz satan,

Yetən gülə söz atan,

Gördüm o şəhləvəndi,

Məftun eyləmiş kəndi.

Şəhərlər heyranıdır,

Dəzgahlar qurbanıdır.

Kim aşiq olmaz hələ,

Belə yosma gözələ.

Yaşıl sağrı başmaqlı.

Ağ bənizli, yaşmaqlı,

Hər zaman siması şən,

Gəlinlərə irişən,

Qızlara “gəl-gəl” deyən

Arınçıya bir hayan,

Yaşıl geyim, gül dodaq,

Dağlardakı qardan ağ,

Dişləri var - mirvari

Onun yanında sarı...

Əlləri tumbul-tumbul

Dərdindən öl də qurtul,

Yanında mərmər bir heç,

Əsir olarsan tez-gec!

Çaylardakı ağ köpük

Yanında bir boz çöpük.

Saçlarına gəlincə,

İpəkdən daha incə.

Canı var süddən bəyaz,

Kasıbca boydan biraz,

Lakin əda, nə əda!

Darılmasın məbada!

Bir dəqiqə qoy gözdən,

Dönər verdiyi sözdən,

İtirər əməyini,

Ağılar yeməyini;

Bir küsdümü, barışmaz,

Xeyrə, şərə qarışmaz...

 

Bir gün dedim: “Gözəlim,

Sənin əslin haralı?

Hansı bağın gülüsən,

Hansı dağın maralı?

 

Kimlər öyrətmiş səni

Bu söhbətə, bu saza?

Can dayanmaz səndəki

Bu qəmzəyə, bu naza.

 

Günəşlərin altında,

Qaralmazsan nədəndir?

Xəzan sənin bayramın,

Saralmazsan nədəndir?

 

Keçib gedən yolçunu,

Öz yolundan eylərsən;

Qışın oğlan zamanı,

Ağca masal söylərsən.

 

Gözləyir kolxozçular,

Uğurlu yollarını.

Gizli, açıq düşmənin,

Bağladın qollarını.

 

Nə yaman bir pərisən -

Sən getdikcə bağlara.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info