Qonaq Kitabı
ŞAMDAN BƏY

Dörd məclisdə komediya

 

 

ƏFRADİ – ƏHLİ – MƏCLİS

 

Y u s i f – mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında.

Q u l u – Yusifin nökəri.

X ə d i c ə – Yusifin nişanlısı, 19 yaşında.

H a c ı  İ b r a h i m – Xədicənin atası, 40 yaşında.

N i g a r – onun övrəti, 50 yaşında.

N a z l ı – onun qulluqçusu, 20 yaşında.

N i y a z b ə y – Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında.

Ş a m d a n b ə y – Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun.

 

S u l t a n, M u r a d, R ə s u l – Yusifin dostları, cavan oğlanlar, 30 yaşında. Kimi Avropa libasında və kimi çərkəzi libasında.

 

R z a b ə y, H e y d ə r b ə y, N ə c ə f b ə y – Şəhərin mütəşəxxis bəylərindən, 40 yaşında, çərkəzi libasında.

 

C ə f ə r – Hacı İbrahimin nökəri.

P ə r z a d  q a r ı – qoca övrət, 50 yaşında.

 

 

 

BİRİNCİ MƏCLİS

 

ƏVVƏLİNCİ GƏLİŞ

 

Yusif otağında əyləşib kağız oxuyur. Ev, şəhər evi. Bir neçə kürsü və bir küncdə miz üstündə kitablar və kağızlar.

 

Y u s i f. Açım kağızı, görüm mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazıbdır? (Oxuyur) "Rəfiqi-mehribanım Yusif! Xeyli vaxtdır səninlə ayrılıb didarına həsrət qalmışam. Amma indi ümid edirəm ki, səninlə görüşəm. Ah! Nə xoşbəxt olardım bu yavuq vaxtda səninlə bir otaqda oturub keçən günlərdən söhbət edəydim! Məlum ola ki, bu ayın axırınadək səninlə görüşəcəyəm. Salamat qal! Şamdan". (Kağızı mizin üstünə qoyur, sonra üzünü xalqa tutub) Heç bundan yaxşı şey olarmı ki, qəlbdən istədiyin dostdan məktub alasan! Həqiqət, bu yaxşı şeydir! Yaxşı yoldaş dar gündə lazım olar. On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi gərək ki, surəti də təğyir tapıbdır. (Kağızı götürüb yenə oxuyur) Bunun yazmağına görə gərək bu günlərdə buraya gəlsin. (Durub qapıya tərəf gedir və Qulunu çağırır). Qulu!

 

 

İKİNCİ GƏLİŞ

 

Qulu və Yusif.

 

Q u l u. Nə buyurursunuz?

Y u s i f. Bu saat o yan otağı (əli ilə göstərir) təmiz edərsən və hazırlarsan; çünki bu günlərdə bizə qonaq gələcəkdir.

Q u l u. Otaq təmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq.

Y u s i f. Necə şey? Bir taxt qoyarsan və yorğan-döşək hazır edərsən.

Q u l u. Ağa! Artıq yorğan-deşəyimiz yoxdur.

 

Yusif fikrə gedir.

 

Y u s i f. Yaxşı, sən get. Mən bir az fikir edim. (Qulu dişarı çıxır. Yusif bir  az fikirdən sonra) Həqiqət, Şamdan çox pis vaxtda gəlir: heç şey hazır deyil. Nə yorğan var, nə döşək, nə də balış və nə də pul vardır ki, bunların hamısını alam.... Ah!... (Fikrə gedir) Hamısından yaxşı öz yorğan-döşəyimi ona verim, mən necə olsa dolanaram. (Bir az fikirdən sonra Qulunu çağırır) Qulu! Ay Qulu!

 

 

 

ÜÇÜNCÜ GƏLİŞ

 

Qulu daxil olur. Yusif və Qulu.

 

Q u l u. Bəli!

Y u s i f. Get mənim yorğan-döşəyimi yan otağa apar.

Q u l u. Ağa, bəs sən?

Y u s i f. Mən yola gedərəm. Mənim üçün bir yaz yorğanı qoy.... Xülasə, elə olsun ki, Şamdan dostumun yanında xəcalət çəkməyim. Dəxi sən öz işinə məşğul ol. Mən gedirəm, hər kəs məni sual etsə, de ki, bu saat gələr. (Geyinib dişarı çıxır).

Q u l u (tək, evi səliqəyə salır və öz-özü ilə danışır). Mənim ağamın işlərinə təəccüb qalmalıdır. Bu vaxtadək qulluq edibdir, amma bir şeyi yoxdur. Özgələrin evinə gedirsən, bir küncdə divan, bir yanda stollar və stullar, divarlarda xalılar və şəkillər, dörd dəst yorğan-döşək. Xülasə, adam istəməyir ki, evdən dişqarı çıxsın. Mən hətta bir neçə adam bilirəm ki, mənim ağamdan az məvacib alırlar, bununla belə padşah kimi dolanacaqları vardır, amma bizim ... çörək yeməyə qabımız da yoxdur. Ev şeyləri lazım olduqca qonşulardan gətirməkdən, doğrusu, bezar olmuşam. Axırda elə olar ki, qonşular da verməzlər, onda görək nə edəcəyik. Neçə kərə demişəm ki, yoldaşlara az xərc et, adam gərək son gününün dərdinə qala. Hər deyəndə sözü bu olubdur ki, "yoldaşlıq yaxşı şeydir. İnsan gərəkdir birbiri ilə dostluq etsin. Pulu yığıb öləndə özüm ilə aparmayacağam ki". Doğrudur, amma insan gərək hər şeyi yolunda eləsin. Bu dünyaya ümid bağlamaq olmaz. İnsanı bu dünyada pul ilə istəyirlər. Bəli, hələ cahıldır, pis günlər görməyibdir. Dolanacaq çox asan görünür. Amma xeyr, insanın başında yüz min yazılar var, yüz min xətalar. Kim bilir gələcəkdə nə olacaqdır?.... Ondan savayı, Yusif ağıllı cahıllardan biridir. Nə üçün gərək fikir eləməsin ki, bu gün-sabah toy edəcək, görək toyu nə ilə edəcək? Pulu vardırmı? Xülasə, nə deyim. Bu zəmanənin cahıllarının işlərini anlamaq çətindir. Vallah, özgəsi olsaydı, mən bir gün də burada dayanmazdım. Amma nə fayda ki, Yusifi çox istəyirəm, mənimlə nəhayətdə mehriban dolanır. Məndən olsa, ömrümün axırınadək ona qulluq edərəm. Əzbəs ki, onun xasiyyəti və mehribançılığı məni özünə qul edibdir. Belə adamın bir parça çörəyi mənim üçün qeyrilərindən çox-çox yaxşıdır. Onu da yaxşı bilirəm ki, o da məni çox istəyir. (Kitabları düzəldir, dişqarıdan səs gəlir) Gərək ki, gələn odur.

Y u s i f (otağa daxil olub başlayır hirsli gəzməyə). Ah!....

 

Qulu ona baxır.

 

Q u l u. Allaha şükür ağa, nə olubdur ki, hirslənibsən?

Y u s i f. Heç.... Bir az ... pul lazım idi.... Tapa bilmədim....

Q u l u. Nə qədər lazımdır?

Y u s i f. Beş-altı manat.

Q u l u. Onun fikrini etmə. Mənə verdiyin məvacibdən qalır. (Əlini cibinə salıb pul çıxardır). Buyur.

Y u s i f (başını aşağı salıb pulu alır). Qulu, sən heç darıxma, ancaq bu ayı döz, ondan sonra mənim əlimə bir yerdən pul gələcəkdir. Onda sən nə desən ona əməl edərəm. İndi sən get işinə məşğul ol. (Qulu dişqarı çıxır)

Y u s i f (tək). Yaxşı ki, Qulu mənə köməklik etdi. Yoxsa ki, Şamdan dostumun yanında xəcalət çəkəcəkdim. (Durub gəzinir)

 

 

 

DÖRDÜNCÜ GƏLİŞ

 

Sultan, Murad, Rəsul içəri daxil olurlar.

 

H a m ı s ı. Salaməleyküm!

Y u s i f (qarşılarına gedib). Ay əleyküməssalam, qardaşlar! Əyləşiniz. (Əli ilə stul göstərir. Hər biri bir stul, götürüb əyləşirlər).

S u l t a n. Bu gün bazardan keçərkən Qulu rast gəlib sənin əhvalını sual etdim. Qulu dedi ki, guya qonaq gözlüyürsünüz, doğrudurmu?

Y u s i f. Bəli, doğrudur.

M u r a d. Hərgah sizin evinizdə darlıq etsə, olmazmı ki, bizə düşə?

R ə s u l. Doğru deyir, Muradgilə düşsün. Allaha şükür, otaqları boldur.

S u l t a n. Muradgil bəlkə bir az uzaq ola. Onda qoyun, bizə düşsün.

Y u s i f. Heç zəhmət çəkməyin. Hamınızdan artıq dərəcədə razıyam. Ancaq iraq qonaq olsa, əlbəttə, layiq deyil belə nizamsız evdə saxlamaq. İş buradadır ki, gələn qonaq sizin kimi yavuq dostlarımdandır. 3-4 il bir yerdə olmuşuq. O məni tanıyır, mən onu. Bir birimizdən gizlin işimiz olmaz. Mənim bu nizamsız evim ona çox xoş gələr. Özü yaxşı oğlanların biridir. İnşaallah gələr, görərsiniz.

S u l t a n. Görünür ki, yaxşı oğlandır; çünki o məclis olmuyubdur ki, onu yada salmayasınız.

M u r a d (evə nəzər yetirir). Təəccüb edirəm, bu neçə ildə burada necə dolanırsınız. (Yusifə tərəf). O pul ki burada sizdən çıxır, o qiymətə yaxşı otaqlar tutmaq olar.

R ə s u l. Ay, ay! Yusifin burada olmağının səbəbi çoxdur.

Y u s i f. Yaxşı dediniz.

S u l t a n. Bəli, şair deyir: "Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz...."

M u r a d. A! İndi anladım!

Y u s i f. Həqiqət, onu Sultan doğru deyir.

S u l t a n. Tez olun görək, toyunuzu edək, bir az kef çəkək.

R ə s u l və M u r a d. Yaxşı dedin, vallah.

Y u s i f. Mən razıyam, günü bu gün olsun. Amma nə fayda ki, atası deyir: "Bir az səbir etmək lazımdır".

M u r a d. Xoşbəxtlik buradadır ki, qız da Yusifi istəyir.

S u l t a n. Nəinki istəyir və hətta dəli-divanədir. (Yusifə nəzər yetirir).

Y u s i f. Çox da elə yox. Ancaq sizi özümə yavuq dostlardan bilib deyirəm ki, qız həqiqət istəyir və bir neçə dəfə özü iləsöhbət etmişik. Ağıllı, kamallı, həqiqət, insanı valeh edir.

R ə s u l. Bunun ağıl-kamalının çox olmağına səbəb nədir?

S u l t a n. Əlbəttə, oxumaq....

M u r a d. Tərbiyə.

Y u s i f. Doğru dediniz, tərbiyə dəxi şərtdəndir. (Murada baxır.)

S u l t a n. Xeyr, şəxs ola bilər ki, çox elm oxumuş olsun və tərbiyəsi az olsun....

M u r a d və R ə s u l. Haqdır.

 

 

BEŞİNCİ GƏLİŞ

 

Qapı açılıb Şamdan bəy yol paltarında içəri daxil olur.

 

Y u s i f (ayağa durur). A! Sən gəlibsən, mənim əzizim! (Bir-birini öpürlər) Səni biz çoxdan gözlüyürdük.

Ş a m d a n. Bir az gec oldu. Çünki knyaz Çavçavadze Şirvana gəlib bizə düşmüşdü.

Y u s i f (qonaqları göstərir). Bu yoldaşlarım ilə də aşna olsan! (Şamdanı göstərib). Bu hənuz qonaqdır ki, mən gözlüyürdüm!

H a m ı s ı (durub əl verirlər) Çox əcəb! Çox gözəl!

 

Hər kəs öz yerində əyləşir.

 

S u l t a n. Bəli, çox yaxşı oldu ki, bizim şəhərə buyurdunuz. (Şamdana tərəf) İnşallah, bu şəhərin bir neçə qəribə şeylərini görüb gəlməyinizdən narazı qalmazsınız.

Ş a m d a n. Həqiqət, şəhərin barəsində çox oxuyub və çox eşitmişəm. Və amma oxumaq və eşitməklə insan rahatlanmaz, gərəkdir gözlə hər şeyi görüb hiss   etmək. Buna görədir ki, neçə illərdi buraya gəlmək arzusunda idim. Və axırda iş belə oldu ki, sizin və mənim rəfiqim Yusif (əli ilə göstərir) yoldaşlıq şərtini yerinə yetirib burada qulluq tapıb və öz qulluğumu buraxıb buraya gəldim. Və Yusifin məktublarında həmişə siz cənabların xahişinə mən buraya gələm, oxuyur idim. Xülasə, xuda ömür versə, sizə qulluq etməyə mən də borcluyam.

H a m ı s ı. Biz həmişə sizin qulluğunuzda hazır varıq.

M u r a d. Hərçənd sizi görməmişdiksə də, amma Yusif sizdən o qədər danışıbdır ki, həqiqət, uzaqdan-uzağa məhəbbət bağlamışdıq.

R ə s u l. Həqiqət, elədir.

Ş a m d a n (baş əyir). Çox məmnunam!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info