Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Sənə alqışmı, ya qarqışmı deyim?

Sənə, ey varlığın sirdaşi insan.

Sənin xilqətini yanlışmı deyim?

Nəsən, Tanrımısan, ya şeytanmısan?!

 

Bilməm nə xəmirdən yoğrulubsan sən, 

Ağıdan acısan, baldan şirinsən.

İpəkdən yumuşaq olarsan bəzən, 

Gahdan qatılıqda polad kimisən.

 

Zatında olan bu ziddiyyət nədir?

Bu iki cürəlik nədir qanında? 

Bu ülviyyət nədir, dənaət nədir?

Fikrində, işində, cismu-canında!

 

Bəzən, qaranquluq, zülmət kanısan,

Gah, gün tək parlayan haqq işığısan.

Gahdan nə dil qanıb, Tanrı tanırsan,

Gah da kayinatın yaraşığısan.

 

Bəzən, işıqlığa qarşı durursan,

Aydınlıq sevənin canın alırsan.

Gahdan da yanar bir çırağ olursan,

Yaxılıb aləmə işıq salırsan.

 

Gah, köksün acıqla, nifrətlə dolur,

İçində qaynayır yalnız qəzəb, kin. 

Gahdan da kövrəlir mehriban olur,

Ürəgin bir ana ürəgi təkin.

 

Bir gün pıçaq kimi kəsib-biçirsən,

Bir gün yaralara məlhəm olursan.

Bir gün cəllad olub qanlar içirsən,

Bir gün məzlumlara həmdəm olursan.

 

Bir zaman fitnəyə, şərə girişib,

Yəzidə dönürsən, şəmşir olursan.

Bir gün İmam Hüseyn donuna girib, 

Haqq yolda baş verib, canın qoyursan.

 

Gahdan xəsisligə, hirsə qurşanıb,

Qarun[1] tək xəzanə, pul toplayırsan.

Bəzən hatəmlikdə şöhrət qazanıb,

Sərvət nədir, can da, bağışlayırsan.

 

Didərgin görərkən bir qarışqanı, 

Şibli olub uzun yollar gedirsən.

Gah Hitlertək milyon-milyon insanı, 

Qırıb, yerin-yurdun viran edirsən.

 

Gah, qalxana, gahdan oxa dönürsən, 

Bəzən xənçəl, bəzən ürək olursan.  

Gahdan dəryalara sığınmayıban, 

Gah da yığılırsan, qaba dolursan.

 

Bir zaman şəfqətə, rəhmə bağlanıb, 

Harda yazıq tapsan saçın hörürsən. 

Bir gün qılınc taxıb, süngü qullanıb, 

Nəşlər üstündə car-car sürürsən.

 

Bir zaman fəzilət çırağın tapıb, 

Ədalət axtarıb, haqqı gəzirsən.

Bir zaman şəqavət çomağın qapıb, 

Haqq söz danışanın əngin əzirsən. 

 

Göy tək gah açılıb, gah tutulursan, 

Gah ağ yel olursan, gahdan da tufan.

Gah qara qış, gah da bahar olursan, 

Gahdan quraqlıqsan, gahdan yağışsan.

 

Bir gün elin üçün, vətənin üçün, 

Başıvı verirsən, candan keçirsən, 

Bir gün qara daşa dönür ürəgin, 

Doğma qardaşının qanın içirsən.

 

Bir gün gözlərində məhəbbət gülür, 

Bir zaman çalısan, bir zaman gülsən.

Bir gün üz-gözündən nikbət tökülür, 

Gahdan bayquş, gahdan şeyda bülbülsən.

 

Gah istək-ilqardan söhbət açırsan 

Yar, deyə hər yana haray salırsan. 

Gah da yarı yoldan dönüb qaçırsan 

Məhəbbət aynasın daşa çalırsan.

 

Sən niyə beləsən, bu hal nə haldır?

Bu sirri arayıb açmaq olurmu?

Bu nə vur-sındırdır, nə qalmaqaldır?

Bu haldan qurtulub qaçmaq olurmu?

 

Çoxlar bu hal-huyu səndə görəndə, 

Sənə iki Tanrı yonub-yontayıb.  

Hər nə iş görübsən xeyirdən, şərdən, 

Onların adına yozub, bağlayıb.

 

Halbuki, hər bir iş, yaxşıdan, pisdən, 

Özündən baş verir, yalnız özündən.  

Özünsən meydanda at gəzdirirsən, 

Bilmirəm, Tanrısan, şeytansan, nəsən?

 

Tanımaq olsa da kökünü yəqin, 

Əzəl qoparıvı tapmaq mahaldır.  

Hərkəs nə söyləsə, söyləsin, desin, 

Hələlik hamısı yanlış xəyaldır.

 

Kimsə xatırlaya bilməz hələ də,

Qalxıban düşübsən yola haradan.

Varıban gedirsən hansı məqsədə,

Ancaq, bəllidir ki, yoldadır “karvan”!

 

Hansı qüdrət yolu işıqlandırır, 

Qüvvət verir, qol-qıç verir yolçuya? 

Bu sönməz ocaqı kimdir yandırır, 

Girmək olarmı, bu dərin quyuya?

 

İxtiyarsız olsa yaranışımız,

Çıxmamış olsaq da yola özümüz. 

Məqsədsiz olanmaz uğrayışımız,

Duyar beynimzi var, görər gözümüz.

 

Həyatı dadıban təmsinənənətək, 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info