Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Aşıq, canım aşıq çal qopuzunu, 

Amandır, amandır yar əldən gedir.

Alışdır içimi nəğmələrinlə,

İstək, ilqar, varlıq, var əldən gedir.

 

Ayaz gecələrdə mənə göz vuran.

Parlaq ulduzlarım

Bəs hayandadır?

Aman,

Boğdu məni bu darlıq, bu çən, 

Gənclik röyalarım bəs hayandadır?

 

Zümrüd dalğaların zirvəsindən ay, 

Niyə qaş qaldırıb, işığın saçmır.

Firuzə göylərin altun gəmisi, 

Niyə səmalarda yelkənin açmır?

 

Niyə ulduzların çəngisi Zöhrə, 

Ülkər boyunbağın boynuna salmır? 

İpək tellərini şux məmə üstə, 

Çəkib tirləndirmir, saz edib çalmır?

 

Nədən pıçıldaşmır uca qovaxlar, 

Niyə gecə quşu virdin oxumur?  

Nənə uşaqları başına yığıb, 

Niyə nağıl demir, corab toxumur?

 

Xoş günlər xəyal tək gəldi də, keçdi, 

Xatirlərdə bir iz qala-qalmaya 

Hər şey ötəridir, gəlir sovuşur, 

Həyat xatirədir, bir də bir röya.

 

Hanı döşlərində çadır qurduğum 

Keyikli, cüyürlü, ceyranlı daglar?  

Əkib becərdiyim aşıladığım, 

Kölgəli ağaclar, meyvəli bağlar?

 

Hər xoş dəqiqələr, xoş mənzərələr, 

Təkrarolunmaz bir səhnəyə bənzər.

İnsan, həm aktordur, həm tamaşaçı,

Həyat isə başsız-dibsiz bir əsər.

 

Hanı “Qarı nənə iş uzadanda”,  

Yağmurlu, günəşli təmiz havalar?  

Gəlin tək çiçəkdən çadıra örtən, 

Uca boy ağaclar, güllü pıtalar?

 

Hanı səhər-səhər göz açan zaman 

Utana-utana qızarıb pörtən, 

Üzündə şərmindən tər mıncıqlanan 

Bakirə ətəkli qanlı nəstərən?

 

Hanı mərd igidlər ova minəndə, 

Kükrəyən ayğırlar, uçar tərlanlar? 

Hanı qoruğuna tülkü qoymayan, 

Qıynaqlı qaplanlar, qoğan aslanlar?

 

Hanı nə göz vurmaq, nə yaşmaq bilən, 

Gölünə ovçular varmaz “sona”lar? 

Nə gizlənmək bilən, nə qaçmaq bilən 

Arslanlar doğan xatın analar?

 

Keçən günlərini xatırlayaraq, 

Yazıq anam bəzən sızıldayardı.

Ürəgi tutulub kədərlənən vaxt 

Gözləri yaşalıb mızıldayardı:

 

Oturmuşdum otaqda,

Qızıl gül açan vaxtda.

Bir vədəsiz yel əsdi,

Gül qoymadı budaqda”.

 

O, zaman qanmazdım anamın sözün, 

Kədəri bağrımı sıxardı ancaq.

Keçmiş, ya gələcək nədir bilməzdim, 

Uşaq idim, uşaq nə anlayacaq?

 

Nə bilim, bəlkə də könül sazımı 

İlk-əzəl inlədən bu zəxmələrdir.

Məni şair edən, şair yetirən, 

Bu sızıltılardır, bu nəğmələrdir.

 

Böyüdüm, boy atdım, huş-baş qazandım, 

Çox şeylər düşündüm, çox şeylər qandım.

Vətən aşığı – el aşığı oldum,

Günü-gündən dərdə qəmə boyandım.

 

Yurdu pozğun gördüm, eli didərgin, 

Acıdım, göynədim, alışdım, yandım.

Dərdimə bir çara arayım, – deyə, 

Hər diyarı qarış-qarış dolandım.

 

Nə bir an yoruldum, nə də dincəldim, 

Hər gəlib-gedəndən sorağ soruşdum.

Dərələrdən keçdim, dağlardan aşdım, 

Günəş karvanına gedib qovuşdum.

 

Mən də üz qoydum o ülvi məqsədə, 

Yollandım dərdimə dərman axtaram.  

Dönəm pozqunluqdan, qaranquluqdan, 

Elimin-yurdumun canın qurtaram.

 

Qəfləmiz tuş gəldi həramilərə,

Çaldılar, çapdılar var-yoxumuzu.

İçimizə yaman zəlzələ düşdü,

Asdılar, kəsdilər.

 

Qaçıban ulu bir dağa dayandım, 

Dedim arxam dağdır, yolum da işıq. 

Güvəndigim dağa qar yağdı birdən, 

Düşündüm qayıdım, ya dözüm artıq.

 

Gördüm boş qayıtmaq igidə ardır, 

Dönməzliklə insan yolunu tapar.

Dedim: Qalam, yolum qardır ki, qardır,

Yolçu ölər, ya da məqsədə çatar.

 

Gün çıxdı, dağların qarı əridi, 

Hər tərəfdən daşğın sellər atlandı.

Məni, çul-palazı, damı-divarı, 

Alıb dənizlərə sarı yollandı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info