Qonaq Kitabı
QAZILIQ QOCA OĞLU YEGNƏK

Günəşə çevrilib ilhamım yenə, 

Hər yana, hər yana işığın saçır.

Bütün kainatı göstərir mənə, 

Zülmət dünyasına cığırlar açır.

 

Ürəgim “Tur” olub, mən isə “Musa” 

Mənim “Tur”um ancaq göz qamaşdırır. 

Çırağa çevrilir mənə “təcəlla” 

Yalnız işıq salır, yaxıb-yandırır.

 

Başımda görünməz dilbər havası, 

Baş alıb gedirəm ürək gölünə.

Qarşımda gözümdən gizli siması, 

Yalvarıram: “Göstər özünü” mənə.

 

“Görsən”, dilədikdə güzgüyə dönür, 

Durur qənşərimdə, deyir: Yaxşı bax!

Gözlərim heyrətdən çanağa çönür:

“Vay, o mənəm” – deyir, dil ilə dodaq.

 

Bir an belə huşum çıxır başımdan 

Deyə bilmirəm, nə hala qalıram. 

Vəsf edə bilmirəm yox-yox-yox, aman, 

Sarsılıram hər vaxt yada salıram.

 

Dəhşətdir, dəhşətdir məni qorxudub, 

Kaşki o halı vəsf edə biləydim.  

Olardı sənin də əlindən tutub, 

Bir an o aləmə gedə biləydim.

 

* * *

Xəyal “bərağı”nı minib çapıram, 

Geridə qoyaraq kəhkəşanları.

Göz yumub açmadan “ərşə” çatıram,

– Bu qədər yaxınmış haqqın sərayı!

 

Məclis “yar”dan dolu, boşdur “əğyar”dan 

Arada nə “hicab”, nə də “pərdə” var.

Vüsal iyi gəlir damdan-divardan

Həm “özüm”əm, həm də sevgili “dildar”.

 

Yar-yara çatanda söz də mi söylər?

Dil-ağız bağlanar, danışmaq olmaz.

Nə desə, gülüşlər, baxışlar deyər, 

Dodaq danışmağa kəlmə tapanmaz.

 

Hər baxış bir kitab sözdür, nisgildir, 

Ancaq bir an içrə bütün oxunar. 

Hər gülüş bir aləm çiçəkdir, güldür, 

Açılar, dərilər, təqdim olunar.

 

Sonra yavaş-yavaş açılar dillər, 

Başlanar, qəmzələr, işvələr, nazlar, 

Ədalar, çəmxəmlər, ərzgileylər, 

Öpüşlər, qucuşlar, raz və niyazlar.

 

Hicran günlərindən deyib-danışmaq, 

Ürək sufrasını döşəmək, sərmək, 

Tutulmaq, açılmaq, küsüb, barışmaq, 

Dərdləri, qəmləri açıb göstərmək.

 

* * *

Mən də dilbərimlə qucaqlaşanda, 

Sevincim, fərəhim qaynadı-daşdı. 

Əmişib dərdləşib pıçıldaşanda, 

Nazlı yarım ürək dəftərin açdı.

 

Oxudu, oxudu üzümə baxdı, 

Vurğun ürəgimi şan-şan elyədi. 

Dərdindən, qəmindən alovlar qalxdı, 

Könül ceyranımı büryan elyədi.

 

Mərmər ayaxların göstərdi mənə, 

Ayaqlarım kimi qabarlanmışdı. 

Say-saldım saçına, kipriklərinə, 

Toz-torpaq basmışdı, qübarlanmışdı.

 

Ürəyimi kədər-qəm parçaladı, 

Sordum: – Bu nə tozdur, bu nə qabardır?  

Mənalı-mənalı başın tovladı 

Dedi: – Yol qübarı, yol qabarıdır.

 

Sanma tək gəlmisən, bu uzun yolu, 

Mən də dağlar aşıb gəlmişəm sənlən. 

Sənlən tanımışam mən sağı-solu, 

Hər yanı mənilən gəzmişsən, mənlən.

 

Sənlə yuxlamışam mən yatan zaman, 

Səninlə açmışam səhər gözümü. 

Tək səni yaxmamış ayrılıq hicran, 

Sənsiz yandırmışam mən də özümü.

 

Batində bir yerdə, zahirdə iraq, 

Mən də sənin kimi yollar karvanı. 

Üzümə-gözümə qonan toz-torpaq, 

Sənin üzündəki torpaqdır, tanı!

 

Hər qadalar gəlib sənin başına, 

Mənim də üstümdən gəlib sovuşub. 

Səni boğmalayan hər qaba dalğa 

Mənə də kükrəyib, mənə də coşub.

 

Hər bir şadlığında, hər bir qəmində, 

Sənlə ağlamışam, sənlə gülmüşəm. 

Sənlə alışmışam, yanmışam mən də.

Səndə öz-özümü tapa bilmişəm.

 

Mənim taleyim çox qəmlidir səndən, 

Çünkü, sən məndən tək bircə zərrəsən. 

Nə boydadır qəmim bilmək istəsən, 

“Zərrə”ni, “aləm”lən qiyas etginən.

 

Mən də duymaz idim, sən duymaz ikən, 

Kədər nə bilirdim, qəm nə bilirdim. 

Mən də ağrıdım, sən ağrıyan gündən, 

Sənsiz nə inciyib, nə də güvənirdim.

 

Ta ürəyim ilə sənsiz dünyada, 

Nə sevgi tanırdım, nə də məhəbbət. 

Sən ilə dönmüşəm mən də Fərhada, 

“Şirin”imi sənlə tanıdım əlbət.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info