Qonaq Kitabı
QAZAN BƏYİN OĞLU URUZUN DUSTAQ OLMASI

Bizim ölkəmizdə, bizim ellərdə,

Maraqlı rəsmlər, ənənələr var.

Bu gözəl adətlər, bu gözəl dəblər,

Uzaq keçmişlərdən qalmış yadigar.

 

Qara qışın sonu, yazın ilk günün,

Əskidən bizlərdə bayram dutmuşlar.

Adın “İl bayramı”, “Bahar bayramı”,

Yeri gəlincə də “Novruz” qoymuşlar.

 

Bu bayram haqqında dillərdə-dişdə,

Qəribə nağıllar, əfsanələr var.

Bəzilər söylərlər bu dəb, bu adət,

Cəmşiddən, Zərdüştdən qalıb yadigar.

 

Ancaq heç bir adət, heç bir ənənə,

Müəyyən bir şəxsə aid olanmaz.

Adət də dil kimi ellərinkidir,

Onsuz tapılanmaz, onsuz qalanmaz.

 

İnsanın toplantı quruluşları,

Bir də ki, təbii xüsusiyyətlər,

Yaradır hər dəbi, hər ənənəni,

Təsadüfi işlər deyil, adətlər.

 

Bayramla başlanan aya şərqdə,

“Araz”, “fərvərdin” ya ”həməl” demişlər,

Lakin bizim yerdə sadəcəsinə,

“Bayram ayı” deyər sadə kütlələr.

 

Bu sadəlikdə çox dərinlik yatır,

Bayram “xas” mənada işlənir baxsaq.

Görünür yeganə xalq bayramı imiş,

Bütün bayramlardan, toylardan qabaq.

 

Bu gözəl bayramın tapılan yeri,

Elm baxımından araşdırsaq biz.

Dört fəsil münəzzəm olan yerlərdə,

Axtarışıb tapmaq gərək şübhəsiz.

 

O, yerlərdə nücum hesabları yox,

Təbiət ayırır, qışı bahardan.

Baxanda coğrafı bölgələrinə,

Bu bölgədə durur “Azərbaycan”.

 

Çox qədimdən qalır bahar bayramı,

Kimsə deyə bilməz hələ haçandan.

Qəhhar quvvələrə baş əyib insan,

Təbiətə bağlı olan zamandan.

 

El adətləridir bayram dəbləri,

Çox incə, kütləvi, axar-baxardır.

Hər kiçik bir rəsmi problemlərdir,

İçində keçmişin izləri vardır.

 

Çillə çıxar-çıxmaz işə başlamaq,

Yorqan-döşək yumaq, ev tozu tökmək,

Göyərti göyərtmək, səməni qoymaq,

Ev-eşiyi silmək, bağçanı əkmək,

Taza paltar tikmək, mis qab ağartmaq,

Yumurta boyamaq, qovurqa qovurmaq,

Axır çərşənbədə bazara getmək,

Onun gecəsi də taraqqa atmaq.

Taza küzə almaq, çəp-çərəz almaq,

Kəlləcuş pışırıb, dolma doldurmaq,

Damdan şal sallayıb qulaq yatırmaq,

Girdəkan oynamaq, oddan atılmaq,

Axşam damlar üstə tonqallar yaxmaq,

Səhər-səhər çeşmə başına çıxmaq,

“Ağırlığı” axar suya buraxmaq,

Bayram hamamına getmək, arınmaq.

Saça, əl-ayağa həna bağlamaq,

Axır cümə axşamı qəbr üstə varmaq,

Nişanlı qızlara xonça yollamaq,

Hər yerdə toplanıb abidələrə

Kinəni-küsünü atıb unutmaq,

Sulara al-əlvan balıq buraxmaq.

İlin təhvilində dua oxumaq:

– “Ey, könülü, könülləri yaradan,

Ey, görən gözlərə işıqlar saçan,

Gecələri, gündüzləri fırladan,

Ey, dünyanı haldan-hala çevirən!”.

İl dəyişən kimi qol-boyun olmaq,

Əl sıxmaq-bayramın mübarək, demək,

Evbəev dolanmaq, görüşə getmək,

Bayramlıq aparmaq, şirinlik yemək.

 

Bu hamı maraqlı ənənələrdən

Mənalı rəmzlər axtarmaq olar.

Hər biri açılıb araşdırılsa, 

Bir çox açılmamış düyünlər açar.

Bu adətlərin ən gözəli məncə,

Ölüb gedənləri xatırlamaqdır.

Hər kəs əzizini, hörmətlisini

Ziyarət eləyib yada salmaqdır.

 

***

Bayram axşamıdır, tutğun, kədərli,

Əlimdə bir dəstə rəngbərəng çiçək

Durmuşam məzarın ayağı altda,

Elə bil köksümdə vurmayır ürək.

 

Bura təkcə ata məzarı deyil,

Ölən günlərimin yatan yeridir.

Ömrümün günlərin didərək zaman,

Qara topraqlara qatan yeridir. 

 

Bütün şirinliklər, ağzımın dadı,

Burda basdırılıb, burda, bu yerdə.

Atamdan bir ovuc torpaq qalıbsa,

Onlardan da qalıb yalnız xatirə.

 

Hardasız-hardasız keçən günlərim,

Gənclik röyalarım, böyük arzular?

Bir ləhzə, bir ləhzə, fəqət bircə an

Dönüb o günlərə qayıtmaq olar?

 

Keçmişi arayıb, axtarıb tapmaq,

Bir daha mahaldır, məgər xiyalda?

Qoy olsun, xiyaldan mədəd dilərəm,

Vaqeiyyətdən bir izdir, xiyal da.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [ 16-11 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info