Qonaq Kitabı
ULAŞ OĞLU XAN QAZAN

Yenə qaranlıqdır, yenə qaranlıq,

Yer üzü borandır, qardır, dumanlıq.

Qanları damarda dondurub soyuq

Bir daldanacaq yox, bir sığınaq yox.

 

Günəşin karvanı kölgəyə düşüb,

Ayaqlar kehəlib, göyərib, şişib.

Yaradan əlləri soyuq qurudub,

Qurd gəlib şəngülü, məngülü udub.

 

Yollar qorxuludur, qırx haramılar,

Pusqulara yatıb karvanı gözlər.

Yorqunlar yıxıldı, qaldı töküldü,

Yatma, yol yoldaşım, yatanlar öldü.

 

Düzdür, məşəlləri söndürüb tufan,

Göz seçə bilməyir ağı qaradan.

Hələ köksümüzdə ürək var, ürək,

Gəl, ürək məşəlin yandıraq, görək.

 

Qasırğalar qopsa, əssə də sazaq,

Söndürə bilməz bu məşəli ancaq.

Onun istisilə həm qızınarıq,

Həm də işığında yolu taparıq.

 

Bu sönməz alovu, gəl, həqir sanma,

Fani işıqlara baxıb aldanma.

İnsan xilqətindən, tapılışından,

Dünən yox, bugün yox, həmişə, hər an.

 

Qəhhar qüvvələrə məruz qalanda,

Sarsılıb, basılıb, aciz olanda,

Dərd-qəm udanda, bağrı pişəndə,

Darlığa düşəndə, dara düşəndə,

Fəlakət içində əl-qol çalanda,

Çarəsiz, qayğısız, yazıq olanda,

Hamı qapıları bağlı görəndə,

Bütün umudlardan əlin üzəndə,

Hansı sığınaqdan muradın almış?

Ancaq bu qüdrətə sidqini salmış.

 

***

Həyat burqanına atılan insan

Çoxdan əl-qol çalır, çoxdandır, çoxdan.

Məqsədi nə qədər olsa da ülvi

Taleyi – günü çox qəmlidir, qəmli.

Heç vaxt dolanmamış dünya kamıca

Məşəqqət daşımış ömür boyuca.

Həyat, necə deyər, bal və tikandır,

Azı şərbət, çoxu irindir, qandır.

Yenişlər tez keçir, yoqquşlar uzaq,

Qəm günü uzundur, şən günlər qıvraq.

Xoşluqlarda zaman yel tək fırlanır,

Darlığa varanda durur, dayanır.

Bir yerdə də bunu söyləmişəm mən, 

Bilməm eşidib, ya eşitməmişsən:

Bir yemiş yetişib düşənə qədər,

Yüz qönçə quruyur, yüz çiçək solur.

Bir qarın müzvərə pişənə qədər,

Xəstənin əl-qolu alışıq olur.

 

***

Gərək belə olsun, yoldadır insan,

Keçməlidir “kəmal həft xanı”ndan.

Bəli, keçməlidir, lakin nə qədər,

Yeddinin mənası milyondur məgər?

Odur ki, çoxları yolda qalırlar,

Atlarını yorub nalın salırlar.

Bununla hər halda yaşayır insan,

İstəyir kam ala yaşayışından.

Çox ideallar ki, işdə məqsəddir,

Hamısın bu saat, bu an istəyir.

Yoxluğu dəhşətli sandığı üçün

Ölümdə də həyat axtarır sin-sin.

Varlığın ləzzətin tamsınan insan,

Gərək də dəhşətə düşə yoxluqdan.

Eşqi, ideali cavidanlıqdır,

Sərəncamı isə, qəbristanlıqdır.

O, qəbristanlığı məqsəd sananmır,

Varlığından yoxluğa rücət varanmır.

Həyatı o məgər sadəcə tapıb?

Əzəldən indiyə bir baş at çapıb.

Bu uzun səfərin axırı “ədəm”?

Deyir, bu dəhşətə inananmaram.

Bu inanılmazlığa insan haxlıdır,

Yazığın hələ nə ölmək vaxtıdır.

Bəli, ölüm acı bir vaqeiyyət,

Hər nədən əl üzüb getmək fəlakət.

Ordakı hər nədən umudun üzür,

Axtarır, arayır təsəlli gəzir.

Söküb açanmayır çün tapmacanı,

Həqiqətdən artıq sevir röyanı.

Şirin əfsanələr yoğurur yapır,

Dönür əfsanədən öz-özün tapır.

Xəyallara dalır, fikirlər çəkir,

Bəzən də işi lap ovhama keçir.

Dərin röyalara cumur, xoşlanır,

Gah özün göydə, gah cənnətdə sanır.

Kaş vaqeiyyətdən, o, əl üzməsə idi,

Arayıb işin lap dibin görsə idi.

Yox, işdə tələsdim bu ola bilməz,

Hər şey birdən-birə doğrula bilməz.

Əfsanələrdə də həqiqət durur,

Suzmanı bizlərlə gizlən-paç oynur.

Gözəl gizlənənməz, deyə, bir söz var:

Qapını bağlasan bacadan baxar.

Açıb göstərənmir çünkü özünü,

Çarşaba bürünür, qırpır gözünü.

“Məad[1]” sərlövhəli şeirimdə də mən

İnsan taleyini araşdırarkən,

Çoxdandır açmışam bu müəmmanı,

Hələlik sən onu əfsanə tanı.

Heç bir əfsanəyə xor baxmaq olmaz,

İmkansız arzılar fikrə yol salmaz.

 

***

Əfsanə, insanlıq sin-sin axtaran,

İdeal dünyanın təbəssümüdür.

Həyatda təcəssum tapıb-tapmadan,

Böyük arzuların tərənnümüdur.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info