Qonaq Kitabı
UŞUN QOCA OĞLU SƏGRƏK

Başlanış

 

Mənim ana şəhərimdə,

Xaraba bir xiyavan var.

Oyan-buyan, nalbənd, əllaf,

Palan tikən, dəllək, baqqal,

Çayxanalar, boyaxana,

Qarın-qursaq tükanları.

Kətli-kütlü, düşüb qalan,

Dəvə keçər atlı ötər.

Karvansara qapıları,

Düzülmüş bu xiyavanda.

Dəri-dürü, kəllə-paça,

Kərmə-yapma, təzək-boyaq,

Qənovlardan axıb keçən,

Gəndabların[1] baş çatladan

Qoxusuna baxmayaraq,

Neçə-neçə çayxanadan

Hər vaxt, hər an saz, balaban

Əlişahdan, Koroğludan

Dədə Kərəm, Aşıq Qərib,

Başqalardan söhbət açan, 

Aşıqların ozanların,

Qaqqıltısı dinlənilir:

Çəkib bəzirgan soyduğum,

Qafilələr boş qoyduğum,

Paşalar gözü oyduğum,

Nigar, Çənlibel budur, bu…[2]

 

***

Ordan keçən bir an belə

Özlügünü unudaraq,

İstək, ilqar, qoçaqlıqlar,

Haqq tanımaq, mərd yaşamaq, 

Uğradıqda dönməz olmaq, 

Alışarkən sönməz olmaq

Dost yolunda, yar yolunda,

Maldan keçmək, candan keçmək,

Haqq əlindən badə içmək,

Alışdıran, ruh coşduran,

Dərin-dərin röyalara,

Cumub dalar sərxoş olar.

 

***

Sankı burdan Qorqud Dədə

Qopuzunun səsi gələr,

Eşidənlər fərəhlənər,

Könlü coşar, aşar, daşar,

Mənəvi bir aləm ilən,

Ülfət tapar, qucaqlaşar.

 

***

Aşıq Hüseyn hər vaxt,  haçan,

Sazın çalıb oxuduqcan:

Bala Nərgiz, bala Nərgiz,

Qol boynuma dola Nərgiz.

Dodaqların xam şəkərdir,

Dilin batıb bala, Nərgiz...[3]

 

Şaxta, boran, aclıq, hirman,

Soldurduğu nərgizlərin,

Pıtaları qönçələnər,

Ürəyinə umud dolar,

Günəş parlar, nur ələnər.

 

***

Uşaq ikən, körpə ikən,

Mən bu pozğun, sarı, solğun,

Nərgizlərin birisinin,

Qucağında boy atmışam.

Bu nəğmələr, zümzümələr,

Ehsasımın tayasıdır,

Şeirimin də mayasıdır.

Ürəyimin tellərini,

Əzəl başdan sızıldadan,

İlham verən, beşik olan,

Qoparıdır anasıdır.

Xatırıma gələr-gəlməz,

İlhamımı bilər-bilməz.

Ellərimin yaratdığı,

Yaradanı yad verilməz.

Heç bir şair, heç bir sənətkar,

Nəzirəsin yaza bilməz.

Qoşmalardan almışam mən.

Könül sazın, zurnaların,

Döhüllərin gur səsindən,

Aşıqların, ozanların

Könül açan nəğməsindən,

Öyrənibən çalmışam mən.

Şəhərimə son illərdə,

Eylədiyim bir səfərdə,

İrəhmətlik əmim ilən,

Bu yerləri gəzən zaman,

Qoca əmim, bir nöqtədə,

Dört bir yanın sıza-sıza,

İri “tək gön” başmağını,

Yerə döyüb, mənə dönüb,

– Bax burada, düz burada,

Sən doğuldun. – Deyə, belə,

Söhbətinə dəvam etdi:

 

– Qırx əlli il bundan əvvəl, 

Bu məhəldə xiyavan yox

Çoxlu palçıq dəməkçələr,

Daxmacıqlar tikilmişdi.

Xanın, bəyin təbiətin,

Qəzəbinə tuş olanlar,

Olurundan, yer yurdundan,

Sürgün olub qovulanlar,

Şəhərə qaçıb yük-yapların,

Bu daraşlıq, qapqaranlıq

Dəməklərdə açardılar.

 

***

Biz də qədim bahalıqda,

“Üç tümənlik” illərində[4],

Varı-yoxu əldən verib,

Kəndimizin tərkin qılıb,

Baş götürüb şəhərə qaçdıq.

Necə deyər, qəribligin,

Pətavasın burda açdıq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info