Qonaq Kitabı
TƏPƏGÖZ

  Başlanış 

 

Son illərdə

Bir şərqli biliklinin

Söhbətinə qulaq asdım:

– Savadsız bir ailədə

Mən doğulub boy atmışam.

Atam bütün yazılardan

Təkcə kiçik ədədləri

Tanıyardı.

Bir də niyə,

Əyri-üyrü bir xətt ilən

Öz adını cızmalardı.

Tayfamızda ağ-qaradan

Başı çıxan

Bircə mənim anam idi.

O da ancaq düz, ya qələt

Fəqət Quran oxuyardı.

 

Bütün bizim kəndimizin

Bilgilərin toplasaydın,

Neçə beyt şeir, neçə nağıl,

Olduğumuz vilayətin əhvalatı,

Neçə dastan, neçə möcüz,

Neçə-neçə dayaz sözlər,

Neçə böyük şəhr adından

Artıq bir şey toplamazdın.

Bizim kənddə heç bir evə

Kitab-mitab dolanmazdı.

Ancaq bəzən

Yaşlılarıın danışdığı

Nağıllardan, dastanlardan

Çox maraqlı əfsanələr

Yadımdadır.

Biri budur:

“Yer altında bir ölkə var,

Birgözlülər ölkəsidir.

 

O diyarda sübh olanda

Bizim yerdə günəş batar.

Eləcə də, demək, bizim

Gündüzümüz

Birgözlünün gecəsidir.

 

Adamcıldır birgözlülər,

Su yerinə qan içərlər”.

 

* * *

Bizim eldən

İlk məktəbə gedən uşaq

Mən olmuşam.

Oxuduğum kitablarda

Bizim axşam, o diyarda

Səhər olan bir torpaqdan

Əcəb sözlər yazılmışdı.

O yerlərin çox da belə

Ehtiramlı, ehtişamlı,

“Təməddün”lü[1] bir ölkələr –

Olduğundan söz çox idi.

Birgözlüdən, adamcıldan

Su yerinə qan içəndən

Ad yox idi.

 

* * *

Mən məktəbi bitirmədən

Müharibə başlanmışdı.

Qafılcədən bir gün yadlar,

Gündüzləri

Bizim yerdə gecə olan

Adamzadlar,

Çağrılmamış qonaq kimi

Yurdumuza soxuldular.

 

Gördük iki gözləri var,

Bizə belə dedilər ki,

Lingi uzun, əsrin boğaz,

Oturarkən ayaqların

Masa üstə dırmaşdıran

Bu daylaqlar

İnsanlığı, azadlığı

“Qorumaqçın”!

Vətənindən baş götürüb,

Diyar-diyar

Gəzişirlər, dolanırlar.

Sonra bizə

Qaraları, kölələri

“Azad” edən

Mübariz bir “Baltaçı”dan

Danışdılar.

 

Biz inandıq,

Onları çox əziz sandıq.

Evimizdə yer-yurd verdik.

Onlar üçün “bar”lar açdıq.

Yemək verdik, içmək verdik.

 

Savaş bitdi.

Radiolar, qəzetələr

“İnsaniyyət qalib gəldi” –

Deyə, bütün ölkələrə

Çov saldılar.

“Azadlıq”dan, “hürriyyət”dən,

“Bəşəriyyət hüququ”ndan

Sicirrəmə-sicirrəmə

Söz dedilər.

Əyri durub düz dedilər.

 

Biz düşündük,

Xub.

İnsanıq,

Burnumuz var,

Ağzımız var,

Danışmağa dilimiz var,

İşləməyə əlimiz var,

Dolanmağa yerimiz var,

Yaşamağa yurdumuz var.

Həvəsləndik.

İstədik ki,

Ata-baba yerimizdə

İş işləyək, əkin əkək.

Özümüzə yuva tikək.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info