Qonaq Kitabı
BƏKİL OĞLU ƏMRAN

Başlanış 

 

Yenə şahpər açıb xəyal tərlanım

Yeni üfüqlərin sinəsin yarır.

Şeirimlə bağlayıb qanad-qanada,

Bilməm haralardan nələr axtarır.

 

Yerdə ov başına qəhət oluban,

Gedir Qaf dağından Simurğ axtara.

Yox! Özün bilənə dünya qəfəsdir,

Bəlkə də can atır canın qurtara.

 

Qəfəs nə qədər də geniş olsa, quşa

Yenə milələrə gedər sovuşar.

Xəyal heç ölçüyə sığışan deyil,

Hər qaba tökülsə, doldurar, daşar.

 

Necə canlanmasın, necə daşmasın,

Necə özlüyündən çıxmasın insan?

Necə bu dünyaya gəlib-gedim mən,

Baş aça bilməyim nə olduğumdan?!

 

Qarşımda axırı görünməz bir yol,

Baxıram, baxdıqca gözüm qaralır.

Duyub-düşündükcə, fıkrə daldıqca

Fəlsəfə mat qalır, məntiq koralır.

 

Qəribə bir hala qalıram bəzən,

Kaş ki o halı vəsf edə biləydim.

Olaydı sənin də əlindən tutub,

Bir an o aləmə gedə biləydim.

 

Vəsf etmək o halı mümkün deyil, yox!

Adını mən “heyrət” qoyuram ancaq.

Bir də ağıl, məntiq, hikmət naminə

“Olanmaz” bir “var”a inanamamaq.

 

“Varlıq!” Bəli, müdhiş bir vaqeiyyət!

– “Əcəb, doğrudan da varıymışam mən?!

Bu da ki, dünyadır – bəli, dünyadır!”

(Gözlərim kəlləmə çıxır heyrətdən!).

 

– Olanmaz, olanmaz, yox, bu olanmaz!

(“Olanmaz” söyləyirsən, “var”a bir bax!)

Mümkün inanmaya heç nəyə insan,

Necə “özlüyünə” inanmayacaq?!

 

Olanmaz, olanmaz, yox, bu olanmaz!

Necə ki, mən varam?! Nə təhər, hardan?! –

Deyə, həqiqətdən qaçsam da bir an,

“Varlığım” əl çəkmir, tutur yaxamdan.

 

Yenə pəndam olmuş, boğulmuş su tək

Yığılıram, öz içimə doluram.

Öz yerində qalır bütün suallar,

Özüm öz-özümə sual oluram:

 

– Bu nə quruluşdur, mən kiməm, nəyəm?

Bu “mümkün”ə səbəb hansı “imkan”dı?

Deyirlər: “Aləmin yaradanı var”,

Olsa, varlığına o da heyrandı.

 

Bu söz küfr olsa da, həzyan olsa da,

Ancaq təfəkkürün baş zirvəsidir.

Hər nədir dünyaca yükün altında,

Əql arabasının nalə səsidir.

 

Xəyal dənizinə çoxlar cumublar,

Çoxlar təhəyyürə qapılıb, uyub.

Ancaq bu dediyim haləti, anı

Bilməm, kim düşünüb, bilməm, kim duyub?!

 

Hər şeyi zamanda, məkanda görmək,

Təbii bir adət olub insana.

Artıb yüksəldikcə elmi, zəkası,

Cürbəcür ölçülər tapılıb ona.

 

Elə də hər zadın, qanunun, özün,

O öz ölçüsüylə ölçüb həmişə.

Heyrətə, əcəbə, qapaldıb onu

Hər nə ölçüsünə düz gəlməyəndə.

 

Halbuki insanın elə lap özü,

Bütün əcəblərdən əcəbdir, dinməz!

Çünki “varlıq” kimi əsas müəmma

Yəqin heç arşına düz gələ bilməz!

 

Heç açar bu sirrin xəzinəsinin

Qapısın hələ də açmayıb, açmaz!

Bu günəşdən işıq vaqeiyyətin

İşığı, nədənsə, insana çatmaz.

 

Uşaqkən anamın dodaqlarından

Dərin mənalı bir söz eşitmişəm:

“Könül bir atdır hər minikdən yeyin”!

Dəfələr bu “at”ı minib getmişəm.

 

Getmişəm, getmişəm, getmişəm... hara?

Bütün əfsanələr geridə qalıb.

Xəyal qədər xəyal atın sürmüşəm,

Ayağı axsayıb, nalını salıb.

 

Çatmamışam aydın bir həqiqətə,

Ancaq bir söz desəm, qınama məni.

Bütün varlıqları görüb keçərkən,

Hər yerdə görmüşəm özümü, səni.

 

Fikirsiz, duyğusuz çox şey görmüşəm,

Bir yox, iki yox, bu dünya-aləmcən.

Lakin heç halətdə fikri, duyğunu

Ayrı görməmişəm fikirləşəndən.

 

Quru, boş fikir yox, fikirləşəndir,

Bütün varlıqları duyur, anlayır,

Anlanan olmasa, nə anlaşılar?

İş anlayışda yox, anlanandadır.

 

Odur ki, yüzü-yüz ayə deyə, mən

Dünyanı, insanı dana bilmirəm.

Baş verən ən kiçik hadisəni də

Mənasız, səbəbsiz sana bilmirəm.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info