Qonaq Kitabı
QANLI QOCA OĞLU QANTURALI

Əzəl gündən qəhrəmanlıq,

Mərdanəlik, qoçaqlıq

Vətənimin, ellərimin

Ad-sanilən yanaşıdır.

 

Doğrudan da hər insanlıq

Fəxri olan səciyyələr

Bu ellərin, obaların

Əkiz, taybir qardaşıdır.

 

Dəmirdırnaq aslan kimi

Başıuca, alnıaçıq

Ömür sürən ellərimi

Dönə-dönə alqışlasam.

 

Aydın axan sulardan da

Zülal olan, ləkə bilməz,

Pas götürməz vicdanına

Tərif yazsam, boy boylasam.

 

Haqlıyam mən. Bu boy degil,

Ayın, günün, ulduzların

Varlıqları haqdır əgər,

Bu da elə həqiqətdir.

 

Tarixlərin qana batmış

Varaxların varaxla, bax!

Yox! Görürkən bir kənd üçün

Bələdçilik həmaqətdi!..

 

Atropatdan[1], Xətaidən,

Yağıları, düşmanları

Bezikdirən, Babək kimi

Qəhrəmandan danışmayaq.

 

Vaqiflərdən, Füzulidən,

Nizami tək mərifətdə

Dünyamıza işıq salan

Bir insandan danışmayaq.

 

Dağda-daşda gün qavurmuş

Simalarda saflıqların

Yaz şəbnəmi, parıltılı

İşıltısın baxıb görək!

 

Açıq-aydın, yaraşıqlı

Alınlarda igidliyin

Əyri qılınc, şəşəli

Parıltısın baxıb görək!

 

Anaların laylasına,

Aşıqların, ozanların

Könül açan dastanına,

Nəğməsinə qulaq asaq!

 

Cürə sazın pərdəsində

Təsvirlənən duyğulara,

Guruldayan döhüllərin

Gur səsinə qulaq asaq!

 

Obalarda dişi, erkək,

Başda papaq, üzdə örpək,

Əldə yaylıq oynandığı

Oyunlara bir say salaq!

 

Dildə-dişdə əzbər olan,

Mətəl olan, məsəl olan,

Ataların, babaların

Sözlərini duyub, qanaq!

 

Aydan aydın, gündən duru,

Kədər bilməz bu güzgüdə

Bu ellərin, obaların

Nə olduğun görmək olar.

 

Bu görüş də qoçaqlığın,

İgidliyin, insanlığın

Ən vaqei, görükməyən,

Yaraşığın yada salar.

 

Bax! Əsrlər ana, qadın

Bu dünyada haqsız-haqsız,

Bir qul kimi, matah kimi

Al-ver olub satılmışdır.

 

Kişilərin əllərində

Dəyərsiz bir dəsmal kimi

Əl-əl gəzib, ləkələnib

Bir tərəfə atılmışdır.

 

O cavankən, dilbər ikən

“Qaşı yay”dı, “Üzü ay”dı,

“Kirpiyi ox”, “vəfası yox”,

Şair yazar camalından.

 

Qoca ikən, düşgün ikən

“Reyhanə”di, “Mərcanə”di,

“Əcuzə”di, “Möhtalə”di,

Bir ad yoxdur kamalından.

 

Bir çox “ürfan” həzyançısı,

“Haqq aşiqi” iddialı

Yalançılar: – Qadın eşqi

Ürfanıma uymaz! – demiş.

 

Məhəbbətin “gər bu başı,

Gər o başı” deyə-deyə

Müxənnəsi “murad” bilib

Ərkəklərə könül vermiş[2].

 

* * *

Keçmişləri vərəqlə, bax,

Həmən zaman, elə o vaxt

Bizim yerdə, bizim eldə

Qadınlığa hörmət varmış.

 

O da haqlı bir insanmış,

Qardaş imiş öz ərilə,

Güləşərmiş, vuruşarmış,

At minərmiş, ox atarmış.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info