Qonaq Kitabı
DİRSƏ XAN OĞLU BUĞAC

Mavi göylər istiləyib,

Açan zaman yaxasını,

Aslayırı qayalardan

Səhər zərri çuxasını.

 

Karvan qalxır yuxusundan,

Yükün çatır, düşür yola,

Kim çatacaq məqsədinə,

Kim yorulub yolda qala.

 

Karvanımın günəş ilən

Qırılmayan ülfəti var,

O batarkən bu da yatar,

O çıxarkən bu da çıxar.

 

* * *

Tozlu yolda yorğun-yorğun

Yolun çəkib gedir karvan,

Kimsə bilməz hara gedir,

Kimsə bilməz gəlir hardan.

 

Dərin-dərin bir quyudur

İçindəki gizli əsrar,

Baş çıxarmaz bu quyudan

Qələndərlər, sehrkarlar.

 

Açaq xəyal kəndirini,

Cumaq görək orda nə var,

Bu Zəmzəmin diblərinə

Könül ipi ancaq çatar.

 

* * *

Karvan keçir, uzaqlardan

Səsi gəlir cərəslərin[1],

Yol qorxulu, məqsəd uzaq,

Söz qısadır, məna dərin.

 

O yolların carçısıdır

Səsindəki zingiltilər,

Dünyadakı “həyat” adlı

Bir gedişdən verir xəbər.

 

Həyat ulu təbiətin

Ən maraqlı əfsanəsi,

Həyat – ibhamlara cuman

Həqiqətin nişanəsi.

 

Bəli, həyat ən bədii

Çıxışıdır varlıqların,

Demək, varlıq bu çıxışla

Nişan verir öz əsrarın.

 

Təbiət də, həqiqət də

Şəkil tapır həyat ilən,

Həyatsız nə anlaşılar

Bu dünyadan, bu varlıqdan?!

 

Demək, insan bu dünyanın,

Təbiətin sirdaşıdır,

Həqiqətin duyar könlü,

Görər gözü, yoldaşıdır.

 

Yersiz deyil, varlıqlara

Məqsəd olmuş əgər insan,

Təbiəti o dirildir

Həyatilan, varlığilan.

 

Tanrılar da, şeytanlar da

Bu ülgüdə donun biçər,

Musalar da, fironlar da

Bu qılıqda gəlib keçər.

 

O, sönülməz bir şölədir,

İşıq salır kainata,

Əbədiyyət axtarırı

Zülmətlərə bata-bata.

 

* * *

Bu bağın bir bağbanı var,

İnsan bitər bağçasında,

Həyat gülü dəstələnir

Ürəyinin taxçasında.

 

Bu məşəli o daşıyır,

O qoruyur bu ocağı,

O yanırı, yanmağilan

Yandırırı bu çirağı.

 

Hamılara tanışdır o,

Hamılarla dostluq salar,

Hamıların dodağında

Öpüşünün izləri var.

 

Onun geniş sinəsində

Günəş boyda bir şölə var,

Alovlanıb yandıqca o,

Əbədiyyət işıqlanar.

 

O, anadır, ürəgində

Həyat eşqi ləpələnir,

Onun ana məhəbbəti

Gələcəyə vəsiqədir.

 

* * *

Əzəldən, əzəldən bu el, bu oba

Analığa dərin hörmət bəsləmiş.

Ana qarşısmda Topal Teymur da

Ayaq dala qoymuş, bağış diləmiş.

 

Bu haqqı tanıyan, haqqı sevən el

Mərifətdə incə yerlərə çatmış,

“Ana haqqı – Tanrı haqqıdır!” – deyə,

Belə bir bədii məsəl yaratmış.

 

Sən də analığa həsr et dastanın,

Sən Haqq yolçususan, Haqq aşığısan,

İstəkdən yoğrulub iliyin, qanın,

Dostluq məclisinin yaraşığısan.

 

* * *

Aşıq çalır sazını,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info