Qonaq Kitabı
DUXA QOCA OĞLU DƏLİ DOMRUL

Gecənin qoynunda vüqarlı dağlar

Sanki əbədi bir yuxuya batmış.

Dərələr, təpələr, meşələr, bağlar

Dünyanın xeyrini, şərini atmış.

 

Qaranlıq gecənin mərmuz[1] siması,

Həmi kədər doğur, həm ürək sıxır.

Qara ibhəmlərin[2] uçrum dünyası,

Kimsəni büdrədir, kimsəni yıxır.

 

Gecənin bağrında, gözəlliklərdə,

Bir şəbəh görünür insan gözünə.

Qaranlıq çəkmişdir çaşdıran pərdə,

Qarı şeytanların qara üzünə.

 

Şeytan, yaranmış tanıtdıraraq,

Əzəldən qarqımış gecəni insan.

Ocaqlar, məşəllər yaxmaqla ancaq,

Qaçmışdır gecədən, qaranquluqdan.

 

Hələ də, hələ də bizim yerlərdə,

Sadə insanların andı “çıraq”dır.

Xalqın arasında, kənddə, şəhərdə

Müqəddəs yerlərin adı “ocaq”dır.

 

İşıqdan doğursa istilik, istək,

Qaranlıqdan doğur soyuq, aldanış.

Məhəbbət axtaran insanlıq, demək,

Ona baş endirmiş, bunu qarğamış.

 

Qoy bunu söyləyim el Vurğunundan[3]:

“Sanmayın məqsədim boş yaraşıqdır”.

Dalınca söyləmiş o ölməz insan:

“Dünyada ən böyük qüvvət – işıqdır!”

 

Qara qış dünyanı bərbad edərdi,

Dalıca yaz olub, yay olmasaydı.

Qaranlıqda insan əldən gedərdi,

Günəş olmasaydı, ay olmasaydı.

 

* * *

Gecənin qoynunda vüqarlı dağlar,

Sanki əbədi bir yuxuya batmış.

Dərələr, təpələr, meşələr, bağlar,

Dünyanın xeyrini, şərini atmış.

 

Tala buludluqda süründükcə ay

İşıq dəhrələri gecəni biçir.

Gecədən gırılmış səhnələr lay-lay,

Sınıq qoşun kimi qarşımdan keçir.

 

Çölləri bürüyən mənalı sükut,

Bəzən lal dayanır, gah dilə gəlir.

Üfüqə baxdıqca mən məbhut-məbhut[4],

Elə bil ki, sükut məni səsləyir.

 

Bu çox əzəmətli çağırışdır, bax,

Qulağın pərdəsi eşitməz səsin.

Ürəyin telləri hiss edər ancax,

Çölün pıçıltısın, dağın naləsin.

 

Bu lal çağırışda qərinələrin,

Ölməz naləsi var, ölməz səsi var!

Böyük əsatirin, əfsanələrin,

Ürəyi sehr edən zəm-zəməsi var!

 

Hər elin, obanın əfsanələri,

O elin ruhunu tərənnüm edir.

Əfsanəvi ellər surət çəkəni,

Ellərin simasın təcəssüm edir.

 

Surət həqiqətdən bir görüşdürsə,

Kim deyər surətə həqiqətdir bu?

Ancaq rəsm olunan hər bir surətə,

Şübhəsiz, olmuşdur səbəb bir duygu.

 

Keçənlər demişlər: “Hər həqiqətin,

Minlər surəti var, minlər üzü var.

Kimsə nə baxışla baxarsa ona,

Öz baxışı qədər haqqa yol tapar!”.

 

Bu kimi sözlərdə vaqeiyyətin,

İzləri vardırsa, itkinlik də var.

İtkin tapa bilər yolunu lakin,

Demişlər: “Dünyada axtaran tapar!”

 

Həqiqət min üzlü olsa da əgər,

Gedəmməz gündə min oynaşa – ərə.

Özün Haqq bilməyən yoxsa bir nəfər,

Bir suzmanı verməz vədə min yerə.

 

Həqiqət dediyin divanxanada,

“Haqq” deyə qoyulan bir qərar deyil,

Yaxud “hu” çağıran Əli Mövcudun[5],

Sərxoş başındaki xülyalar deyil.

 

Həqiqət xud haman vaqeiyyətdir,

Eni var, boyu var, izi-tozu var.

Zamandan qocaman, məkandan hündür,

Məkanla böyüyər, zamanla durar.

 

Bir də həqiqətə tanış bir ürək,

Tanır sevgilisin hər surətində.

Mən qol qoymayıram ürfana demək,

Həqiqət var insan mərifətində.

 

Haqqin, həqiqətin bağçası hər vaxt,

İnsanla gül acır, insanla solur.

Ən böyük həqiqət insandır ancaq,

İnsansız həqiqət olsa, kor olur.

 

Lakin nədəndirsə bu gözəl pəri,

Bəzən yavrusundan qırır ülfətin.

Dəli Məcnun kimi gəzir çölləri,

Sanki unudammır ilk məhəbbətin.

 

Hələ də sərgərdan quş kimidir o,

Nə bir yurd tapmışdır, nə də bir yuva.

Gəzir insanlığın başı üstündə,

Qonur bu budaqdan başqa budağa.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info