Qonaq Kitabı
SƏSLİ QIZ

Sənin səsin, - gözəl qız,

Səslərin ən gözəli.

Eşitmədim belə səs,

Dünyanı dinləyəli...

Can alıb yüksəldikcə

Avazın pərdə-pərdə.

Çox şeylər görən könlüm

Yenidən düşdü dərdə.

Bülbülün səsi kimi

Qaynayır incə səsin.

Sanki ömrüm uzanır

Uzandıqca nəfəsin.

Acımazsan könlümə,

Zildən enərsən bəmə.

Qız, yazığam bu dildə

Dərdimi şərh eyləmə!

Qız, qurbanmı istərsən

İnlətdiyin bu səsə?

Min dəfə ölsün canım,

Söyləməsin bir kəsə.

Qəbul et qurbanımı,

Susma, allah eşqinə

Bundan sonra mənimçün

Yaşamaq nə, ölmək nə?!

Hər nəfəsin bir ayə

Vəhyi - müqəddəs kimi.

Dünyada nemətmi var

Bu səndəki səs kimi?

Heç birinnn lütfündən

Tapılmaz ki, bir payı.

Bilirəm ki, dərdindən

Ölənlərin yox sayı.

Qız, bu küskün könlümü

Bircə sənsən güldürən.

Sənsən məni dirildən,

Sənsən məni öldürən!

Məftunam mən səsinin

Bülluri axışına;

Məftunam gözlərinin

Atəşin baxışına...

Sənin incə səsində

Dalğalanan nəşəyə

Qurşandım sitayişə

“Nəfxeyi-rəbbim” deyə.

İndi şübhəm qalmadı:

Səsindəki qəhqəhə

Doğrudan cəzb edərmiş

Sufini eşqilahə.

Səsindəki sirri mən

Gedib sordum dərvişə.

O məndən daha əvvəl

Heyran imiş bu işə!..

Bildimi, bilmədimi?

Açmadı sirr allahı;

Dedi: «haqqın cilvəsi

Görünür kahi-kahi,

Sirri-həqq hakim olmuş

Ta əvvəldən hər yerə.

Hər qovmin imanı var

Bir səsli peyğəmbərə.

Çoxdandır anlaşılmış

Bu sirr Fərat boyunda.

Axtarırmış o sirri

Kür-Arazın suyunda...

Əskilər onu sormuş

Ağsaqqal ərənlərə,

Haqq nuri, haqq sirrini

Qəlbilə görənlərə,

Demişlər ki, birinci

Gözəllik qız səsidir.

Gözəl qızda gözəl səs

Bu haqqın cilvəsidir.

Hər dinin əsli nədir? -

Qaibdən gələn bir səs.

Biçarə insanlığın

Dərdini bilən bir səs.

Bir çox gözəl qızların

Billur kimi səslərn

Azmı xilas eyləmiş

Ölümdən bikəsləri?..

* * *

Oxudum tarixlərdə:

Qan içən bir hökmdar

Bir ölkəni amansız

Eləmişdir tari-mar.

Altı aydan çox sürən

Qanlı bir mühasirə,

Tutulmuşdu çox acı

Basqına birdən-birə:

Yüz minlərlə atılan

Can yağısı oxları

Dişlərilə çeynəyib,

Sərilmişdi çoxları.

Doğranmış əllərində

Qırıq qılınc qəbzəsi,

Boğulmuşdu köysündə

İgidlərin son səsi.

Yurdunu verməyənlər

Doğranmışdı xınchaxınc,

Tökülmüşdü yerlərə

Dağ kimi qalxan, qılınc.

O yanda qanlı gövdə,

Bu yanda gövdəsiz baş...

Bir qafa çığlamışdı

Hər qəzadan enən daş.

Yüz minlərlə qız-qadın

Dağılmışdı düzlərə.

Ölüm rəngi çökmüşdü

Saralan üz-gözlərə.

Cənnət kimi bir ölkə

Məzarlığa dönmüşdü.

Bir çox evlər yıxılıb,

Xanimanlar sönmüşdü.

İşlənməmiş qalmadı

Bir cinayət, bir günah.

Əzmişdi insanlığı

Ordusuyla padişah.

***

Haqsızlıq oldu qanun,

Yıxıldı xanimanlar.

Hər şeydən xəbərsizkən,



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info