Qonaq Kitabı
BİR MAY BAYRAMI

Elə bayram var ki, başqadır rəngi,

Hər birinin başqa eşqi, ahəngi.

Küsgün minarəsi, inləyən zəngi,

Ayrılıq calayan bayram deyil bu!

O çapan, talayan bayram deyil bu!

 

Bu bir bayramdır ki, bəzəyi sadə,

Nə gözəl saqilər, nə gözəl badə!

Böyüklük varmıdır bundan ziyadə;

Bu bayram al bayram, el bayramıdır!

Coşmuş bir sinifin sel bayramıdır!

 

Dalğalar bayraqdır, dənizlər insan?

Bayraqlar çalxanır hər yana baxsan.

Səfləri say hələ - nə hesab, nə san,

Bir May bayramıdır ellər bayramı!

Bilib-bilmədiyim dillər bayramı!

 

Polad cərgələrin hər yanı aldır,

Vətəndaş, ürəklə bayrağı qaldır!

Bu bayram haqqındır, sənə halaldır!

Gözəl May bayramı şanlı bayramdır!

 

Gəzdir üfüqlərə açıq gözünü,

Dünyalar dinləyir sənin sözünü.

Bayramındır bu gün göstər özünü,

Göstər ki, dünyaya bayramın azad,

Düşmənin yas tutsun, dostun olsun şad!

Çək al bayramında tül bayramına!

Çiçək bayramına, gül bayramına!

 

Didib dırnağınla, qazdın dişinlə,

Dünyanı sarsıtdın nəhəng işinlə.

Bükülməz qolların, mərd yerişinlə,

 

Çalış ki, keçməsin sönük bayramın!

Parlasın hər yerdə böyük bayramın!

 

Günəşdən tökülmüş tunc bədəninlə,

Yardım et, bağıran səsləri dinlə!

Sən coş ki, qabarım mən də səninlə,

Aşığam, qoy çalım saz bayramına!

Ellər sevindirən yaz bayramına!


1936-cı il, Tiflis

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info