Qonaq Kitabı
AY

Peəmbərşairinə


“Boşluq diyarında çıx dolaş” deyə,

Səni kim fırlatmış o dərinliyə,

Ey solğun bənizli, sevdalı pəri?!

 

Mənim sevdiyimin xəyalı kimi

Bəzən bürünərək pənbə bir tülə,

Çıxırsan üzməyə o dərnn gölə...

 

Çıxdıqca yoluna buluddan dalğa,

Sən onun yanından baxıb uzağa,

Keçərkən, ədalı yürüşün gözəl.

 

Arayırmış kimi onu gizlicə,

Dolaşdıqdan sonra bir uzun gecə.

Səhər ulduzuyla görüşün gözəl.

 

Bəzən nədən isə umuzun çılpaq,

Saçların dağınıq, dolaşırsan tək;

Yalqızlıq xanımı sıxmayırmı çox?!

 

Elə günlər olur, bizlərdən uzaq,

Görünməz olursan bir uzun gecə.

Deyirlər, ağlarsan onda gizlicə...

 

Durmadan gəzirsən illərdən bəri,

Sənə nə olmuşdur, çıxmayır səsin.

Sən də o boşluqda avaramısan?!

 

Haralısan, söylə, gözəl sərsəri?

Sənin dolaşdığın ulduzlu diyar.

Səninsə çox gözəl bir diyarın var!...

 

Nədir o üzündə ağlayan kölgə?

Bir pəri eşqinin məlalımıdır,

Söylə sənin başın bəlalımıdır?

 

Sənin dolaşdığın o geniş ölkə,

Mənim ruhum kimi ruhuna darmı,

Heç olmazsa sənin bir kəsin varmı?

 

Dur, soruşum səni bu sarı güldən,

Bu ağlayan quşdan, xəstə bülbüldən -

Onlar da səninlə dərd ortağımı?

 

Söylə sənin yurdun qəm torpağımı?

Hər zaman üzündə böylə sarılıq,

Nəsibin gözyaşı, bir də ayrılıq.

 

Sənin baxışına hansı yaradan,

Əlilə çəkilmiş bu solğun boya.

Ki, qız ikən vərəm almışsan, guya!..

 

Bəzən dərdli-dərdli yaşmaq altından,

Solğun baxışınla sakit baxırsan,

Baxdıqca qəlbimi gizli yaxırsan.

 

Sənin o sevdalı solğun baxışın,

Xatırladır mənə bir pərizadı.

Ki, düşməz ölüncə dilimdən adı.

 

Oh ... sevdiyimin də belə sarışın,

Baxdıqca ağlayan baxışları var,

O da sənin kimi güldükcə ağlar...

 

Könlümün səninlə tanışlığı var,

O səni gördükcə təsəlli duyar;

Sənin ilə mənim dərdimiz bəlli.

 

Birlikdə taparıq bəlkə təsəlli,

Bir az dayan, bir də yollayım bir saz,

Sonra dərdləşəlim səninlə bir az...

 

Xatirində varmı yürkəkdə keçən,

O dadlı günlərnm; o zaman ki, mən

Duyduqca günlərlə sallandığımı.

Anlamazdım əsla allandığımı.

Elə zənn edərdim mənimçün ancaq

Hər şey olmaqdadır, hər şey olacaq...

Göylərdə görünən pənbə yığıncaq,

Onların üstündə o qucaq-qucaq

Sərpilən ulduzlar, söz atan gözlər,

Bunlarla bərabər o gözəl səhər

Və solğun axşamlar... deyirdim, əlbət,

Yalnız bir mən üçün bu gözəl cənnət!..

Bir cənnət ki, orda yarpaqlar ipək,

Hər yerdə gözəllik, hər yerdə çiçək.

Hər şeyi sanırdım bitməz əyləncə,

Onların biri də sən idin, məncə.

O zaman anamın, titrəyən səsi,

Verdikcə ruhuma uçmaq həvəsi,

Kiçik bir quş kimi kölgəsiz, adsız,

Uçduqca uçardım qolsuz, qanadsız.

Əsla keçməyirdi günlərim hədər.

Ah, o gözəl dəmlər, o gözəl günlər...

 

Cocuq ikən rəngin belə deyildi,

Sən məni görəndə gülməyirmidin?

Sən mənimlə, indi yadıma gəldi,

Oyunda yoldaşım olmayırmıdın?

 

Qızlarla bərabər çıxıb bayıra,

Məsum bir eşq ilə oynamazmıdıq?

Kimi şer olurdu, kimi şairə,

Şairliklə coşub qaynamazmıdıq?!

 

Xatırında yoxmu, yaylaq səfəri?

Xoruzlar ötmədən çıxardıq yola.

Hər kəsdən əvvəl sən keçib irəli,

Gülərək söylərdin “uğurlar ola”.

 

Ta əzəldən bəri ildə bir kərə,

Çıxardıq dağlara bizim elləri.

Göstərdin illərcə görməyənlərə,

Kəskin qayaları, coşğun selləri.

 

1923

Şeir tamamlanmamışdır

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info