Qonaq Kitabı
GÖZÜNƏ DÖNDÜYÜM

Uğurlu günlərindir, yolların açıq, aydın,

Bu aydınlıq eşqini dünyalara sən yaydın.

Hey, nə gözəl boy atdın! On beşi dünən saydın,

Yollarda yaxşı-yaxşı gəz, gözünə döndüyüm.

Yolundan əngəlləri əz, gözünə döndüyüm!

 

Qüdrətinə heyrandır aləm əhli gerçəkdən,

On beş ildir seçilməz yarpaqların ipəkdən.

Can dərmanı çıxarıb can qoxuyan çiçəkdən,

Canan sevən ətirlər çək, gözünə döndüyüm.

Tarlanı dönə-dönə ək, gözünə döndüyüm.

 

Gör necə təzələndi köhnə yurdun baharı,

Yağışı can payladı, dərman oldu saf qarı.

Sən qaldır gözlərini bundan daha yuxarı,

Boşluqlara bir körpü sal, gözünə döndüyüm..

Göylərdən doğru xəbər al, gözünə döndüyüm.

 

Göylərdə ildırımlar qorxudan saldı haray,

Çayların dəniz oldu, dənizlər kəsildi çay.

Baş əydi fərmanına torpaqlar alay-alay,

Deyildir gördüyün iş az, gözünə döndüyüm!

Mənzilə xeyli qalmış, qaz, gözünə döndüyüm!

 

Könüllərdə yandırdın sehirli çırağını,

Nə umulmaz yerlərdən verirlər sorağını.

Daş dövrü yaşayanlar yolların irağını,

Həsrətlə gözləyirlər, bax, gözünə döndüyüm!

Sən bir ümid nurusan, çax, gözünə döndüyüm!

 

Beş-on il bundan əvvəl bir ilin sərt qışında,

Mən səni ilkin gördüm milyonlar axışında.

Yolçular nur arardı inamlı baxışında,

O baxışın sirrini aç, gözünə döndüyüm!

O sirri dünyalara saç, gözünə döndüyüm!

 

Qoy hələ düşmənlərin ləzzət alsın talandan,

İlişib bac istəsin yolda, izdə qalandan.

Sən bir göz ağardınca irişsinlər yalandan,

Sözünü şaxdan söylə şırp, gözünə döndüyüm!

Yalan sözü yad başa çırp, gözünə döndüyüm!

 

Qoy qapatsın göyləri bacandan çıxan duman,

Dostların aydın görür: kim yaxşıdır, kim yaman.

Fanar tutur yoluna tarixə küsmüş zaman,

Köhnənin kəlləsinə vur, gözünə döndüyüm!

Görünməmiş bir dünya qur, gözünə döndüyüm!


27 dekabr, 1935-ci il 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info