Qonaq Kitabı
MÜNACAT

Əsirgəsən, Tanrım, yabançı gözdən,

Bizim eldə məbədinin daşını!

Acı bizə, imanımız sönməsin,

Rəhmətinlə yedirt bu göz yaşını.

Yarəb, vətən sənin, iman sənindir!

Mömini güldürən Quran sənindir!

 

Vətəndə lal qalan məscid, minarə,

Gözün dikmiş səsin gələn diyarə.

Qəribliyə deyilmi bu işarə?!

Məşhər oldu... Atma bizi kənarə,

Yarəb, vətən sənin, iman sənindir!

Mömini güldürən Quran sənindir!

 

Sufilərin böylə olub, küsməsi,

Əzanların titrəyərək əsməsi.

Xətmlərin, xütbələrin hər səsi,

Çağırmaqda imdadına hər kəsi,

Yarəb, vətən sənin, iman sənindir!

Mömini güldürən Quran sənindir!

 

Ey mərdliyi ilham edən böyük haq,

Buyruq sənin, qullarına nə sormaq?!

Çox dərdliyik, bir ərzimiz var ancaq:

Cəbrayıldan göndər bizə bir sancaq!..

Yarəb, vətən sənin, iman sənindir!

Mömini güldürən Quran sənindir!

 

Kərəminlə xəbər verdin adını,

Bizə daddır o cənnətin dadını,

Ümmətinin düşündürüb şadını,

Ağa tikmə bizə hər yad qadını!..

Yarəb, vətən sənin, iman sənindir!

Mömini güldürən Quran sənindir!

 

28 yanvar



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info