Qonaq Kitabı
OF, BU YOL!..

Mənim yolum yalançı,

Girdablarla dolmuşdur.

Yıxılmamaq bu yolda,

Mənə haram olmuşdur.

 

İman etmək güc olmuş,

Bir doğruya, yalana.

Hər kəs əngəl oluyor,

Bir imanda qalana.

 

Hər gün yeni bir ümid,

Hər gün yeni bir xəbər.

Ancaq, dünya əskildi,

Haq və doğru nə gəzər?!

 

İnsaniyyət: o bir kitab,

Hər oxuyan yalançı.

Güc, bir həyat mənbəyidir,

Hər bir güclü talançı.

 

Yazıq bir çox məhkumlar,

Hər bir sözə inanmış.

Sonra baxmış, qızaran,

Şəfəq degil, qan imiş.

 

Göy üzünün şimşəyi,

İldırımı, yağmuru.

Soyutmadı, bu insan,

Qanı içən dəmiri!..

 

Ey allahım, yanıltdın,

Hər bir doğru addımı!

Yoxsa, yoxsul dünyadan,

Ədalətin qalxdımı?!

 

Ey dinlinin, dinsizin,

İnandığı son qüvvət,

Qalmadımı səndə də,

İnsanlara mərhəmət?

 

Mən ki, bilmək istərdim,

Kimlər ağlar, kim gülər?

Onunçundur, etmişdir,

Fələk məni dərbədər!..

 

Arıyırkən təsəlli,

Baxdım mavi göylərə.

Tapammadım bir nöqtə,

Çıxammadım bir yerə.

 

Mən söylədim dərdimi,

Təzə yaşıl yarpağa.

Daha dərdim bitmədən,

O sərildi torpağa!.

 

Nə yoxsuldur təbiət,

Ömrü nə az çiçəyin!..

Yazıq bağban sənə ki,

Boşa çıxdı əməyin!..

 

Bezdim artıq, qəhr olsun,

Murdarlaşdı bu əsr.

Yaxşı günlər keçiyor...

Tövbə ölüm gətirir!..

 

Of, çəkilsə  cəhənnəmə bir pərdə,

Bu baxmaqdan yorulduğum dünyaya.

Nərun kimi mən də yüksək bir yerdə,

Dalsam rübabımla bir zövq almaya.

 

Sən ey çalan kainatın sazını,

O tellərdə canlı nəğmə yoxmudur?!

Kimlər çəkir, bax, kimlərin nazını,

Naz eyləmək hər gözələ yoxmudur?!

 

Hər qələmqaş can almaya alışıq,

Aşiqlərin canlarına acı, bir!

Bu qurbancıl göylər yenə qarışıq!

Gəl bu qurban qanlarına acı bir!


Hacıkənd, iyul 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info