Qonaq Kitabı
İMDAD

Vicdanım əmr etdi, imdada gəldim,

Məzlum səsi duydum, mən dada gəldim.

 

Ziyafət görmədim, yaslıdır ellər,

Çoxalmış məzarlar dərdini söylər.

Talanmış şanələr, yolunmuş tellər,

Olduğunu duydum, imdada gəldim.

 

Yarılmış qorxudan pənbə dodaqlar,

Aşiqlər ah çəkər, dərdindən ağlar.

Bax, nələr söyləyir tarlalar, dağlar...

Qardaş səsi duydum, imdada gəldim.

 

Qonşularda toydur, bizdə ağlaşma,

Bu yerdə qız gülməz, gəl heç uğraşma.

Sən ey dərdli könlüm, burda dolaşma,

Mən səninçün deyil, imdada gəldim.

 

Qarları boyamış məzlumlar qanı,

Ölənlər çox, fəqət, məzarı hanı?

Ayaqlar altında şöhrəti, şanı

Qalanları görüb, fəryada gəldim.

 

Bir yerdə ki, zalım bayrağı sanca,

Göz yaşı tökülər o yerdə bunca.

Bu dərdə ağlayım, burax doyunca,

Qərib səsi duydum, imdada gəldim.

 

Verib yad əllərə sürmə telini,

Gəlinlər buraxmış gözəl elini:

Anasızdır, yavrusun söylə ninni,

Ninnisiz yavruya imdada gəldim.

 

Tutmaz bacaları, yanmaz çıraqlar,

Qardaşı bacıdan ayırmış dağlar.

Bacılar hardadır, buludlar ağlar,

Qardaşsız bacıya imdada gəldim.

 

Cəsədlərlə dolmuş qarların altı,

Aylar var ki, bitməz igidlər əti.

Gəlmə, yaxar səni qərib bayatı,

Sus, qərib bayatı, imdada gəldim.

 

Fəlakət görməyən millət olarmı?

Düşün, bir az düşün, heç qanın varmı?!

Gözlər kormu yoxsa, könüllər darmı,

Ah, niyə mən yenə fəryada gəldim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info