Qonaq Kitabı
ŞEİRİMƏ

Ey çürük ruhumda doğan nəşidə,

Mən səni çox sevdim doğduğun gündə.

Səmimi bir cocuq gülüşləriylə,

Çırpınıb açdığın o dadlı dilə.

Heyran oldum, dönə-dönə dinlədim.

Uyudun, üstündə ninni söylədim,

Doğarkən təbimdə, duydum dilindən,

Əlimdən çıxarkən, öpdüm əlindən.

Bilmədən başına nələr gələcək,

Sən bir çiçək oldun, mən - bir göbələk!

 

Yeltənmə bu gün kəndini

     sevdirməyə yersiz.

Əlləşmə mənim açmağa

     qəlbimdə bir az iz!

Get, qalma yolundan,

     sonu yoxluq Vətənindir.

Al get! Sənə göz yaşları

     bunlar da sənindir.

Gəldikdə sevindim, gedər olsan,

     yenə öylə,

Artıq o yavan sözləri

     şeytanlara söylə!

Şerin canı,

     şair olana canlı hərarət.

Yox səndə o,

     çünki mənə heç olmadı qismət.

Təbimlə bərabər yürü heçlik,

     yürü yoxluq!

Get, get, mənə təsir edəməz

     yapma cocuqluq!


Fanili, 2 iyul 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info