Qonaq Kitabı
İSTANBUL

Mən sevdiyim mərmər sinəli yarın,

Deyirlər, qoynunda yabançı əl var.

Baxıb üfüqlərə, uzaq yollara,

Ağlayırmış mavi gözlər axşamla.

 

Ah, ey solğun üzlü, dalğın İstanbul?

Mavi gözlərin çox bayğın İstanbul!

 

Mənim sevdiyim qız dünya gözəli,

Ona bu dünyadə eş yaranmamış.

Deyirlər, könlünü fələk pozalı,

Sürməli telləri heç daranmamış!..

 

Ah, ey solğun üzlü, dalğın İstanbul,

Mavi gözlərin çox bayğın İstanbul!

 

Qırıq dala qonmuş dün yavru bir quş,

Ondan xəbər verdi, gözüm yaşardı.

Gəl, zavallı könlüm, sorma nə olmuş,

Sormakı sevdigin kimlərə vardı?

 

Ah, ey solğun üzlü, dalğın İstanbul,

Mavi gözlərin çox bayğın İstanbul.

 

Deyirlər, sevdiyim qız kolasında,

Baxıyorkən qırıq rübab telinə.

Uçuyorkən şer sevdasında,

Bir ilan sarılmış incə belinə.

 

Ah, ey solğun üzlü, dalğın İstanbul,

Mavi gözlərin çox bayğın İstanbul!

 

Ey yolum üstündə yüksələn dağlar,

Gizlin sevda üçün çırpınan dəniz!

Yol verin, yol verin, mənim dərdim var,

Qeyb etdim yolumu, qaldım kimsəsiz!

 

Ah, ey solğun üzlü, dalğın İstanbul,

Mavi gözlərin çox bayğın İstanbul!

 

Bu qəlbimdən qopan hər yanıq fəryad,

Çəkdiyim dərdlərin tərcümanımı?

 

Yoxmudur kimsədən könlümə imdad,

Bu bəxtsiz sevdamın, son zamanımı?!

 

Ah, ey solğun üzlü, dalğın İstanbul,

Mavi gözlərin çox bayğın İstanbul!

 

Yarəb, bilməzmidin, qələmi sən də,

Ki, qırdın sazımın canlı telini?

Doğuyorkən yeni bir ümid məndə,

Neyçün məyus etdin Turan elini?!

 

Ah, ey solğun üzlü, dalğın İstanbul,

Mavi gözlərin çox bayğın İstanbul!


Gəncə, 19 mart 1919

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info