Qonaq Kitabı
HƏRBZADƏLƏRƏ

Ey görünməz dost elindən gələn quş!

Hansı murdar əllər yıxmış yuvanı?

Qəribmisən, yoxsa! Nədir bu duruş!

Əlindənmi aldı ovçu balanı?

Ovçu, görüm yavrun sənə qalmasın,

Əkdiklərin solsun, kölgə salmasın!

 

Qərib bacı, gözün nədən yaşarmış?

Öpmədinmi nişanlını doyunca?

Fələk sənə, nə istərsə, yaparmış!

Ağladınmı, qaçdığın yol boyunca,

Dikmə gözün hər yalqız məzara,

Gedən gəlməz, bacım, baxma yollara!

 

Aşıqlardan səs yox, sazları qalmış,

Çoban, sürün hanı, tozları qalmış?!

Ellər köç eləmnş, izləri qalmış,

Yolları qar basmış, yox gəliş-gediş,

Sizə nə çox ağır keçdi bu il qış?!

 

Baxdım o yerlərdə buludlar ağlar,

Məzarlığa dönmüş bağçalar, bağlar.

Maralsız qaldınız, a qarlı dağlar!

Tutan olsa sizdən maral sorağı,

Görəcək ki, hər yer düşmən yatağı!

 

Nişan məclisində şərbət kasası,

Qırılmış, yerlərdə şərbət tökülmüş.

Baxdım çalır sazlar ölüm havası.

Toylar qara geymiş, bellər bükülmüş.

O yerlərdə daha gəlin köçərmi?!

Bu qanlardan adil allah keçərmi?!

 

Didilmiş bədənlər, yolunmuş saçlar...

Dağılmış yuvalar görmək istəsən.

Qardan kəfən geymiş yoxsullar, aclar,

O ellərdə nə var bilmək istəsən,

Sənə bir kamança hər şeyi söylər,

Mən bir kamançayam, tellərim inlər.

 

«Əzizim, ay, hər aylar,

Hər həftələr, hər aylar.

Gözü yolda dul bacımız,

«Qardaş» deyə haraylar!»

 

Onlar sənə göz dikərkən,

Şərab içmə, düşün bir az.

Ey hər zaman «mərdəm» deyən,

Bundan artıq fürsət olmaz!

Ay ağalar, ay xanımlar,

Baxın, sizə göz dikən var!..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info