Qonaq Kitabı
YENİ TÜRK ƏLİFBAÇILARINA

Mən bir aşiqəm ki, bu çaldığım saz,

Dumanlı dağlara səs salacaqdır.

Ağlatdığım teldə inləyən avaz,

Elin xatirində çox qalacaqdır.

 

Doğrayacaq səsim dağda dumanı,

Dinləyəcək məni dağın çobanı.

Mən sorduğum zaman: "sevdiyim hanı?!"

Təbiət dəyişib yaz olacaqdır.

 

Qorxutmayır məni bu qanmayanlar,

İsrafil surundən oyanmayanlar.

Göstərdiyim yola inanmayanlar,

Yenilik yolunda ad alacaqdır.

 

Şahid gətirirəm ayı, ulduzu,

Ayılacaq yurdumun oğlu, qızı.

O yankı ellərin sartı, kırğızı,

Bu yeni dərgaha yol bulacaqdır.


1922-ci il 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info