Qonaq Kitabı
DİLİMİZ

Baxaq dilimizdə nələr görünür:

Oxuyub anlamaq yazmaqdan gücdür.

Yazan düşünmədən yazsa da belə,

Oxucu beş-on gün gərək düşünə.

Ki, anlasın bu söz ərəbmi, farsmı?

O ki, qaldı məna... anlayan hanı?!

Çoxları anlamaz millətin aydın,

Bircə parçasını şair yazanın,

Gün oldu şairlər göyə çıxdılar,

Bu yazıq millətə ordan baxdılar,

“Od” yetmədi, yağdı “atəş” başına,

“Siyah” qondardılar “qara” qaşına.

Alınır “dil”ləri, “zəban” verilir,

İsmarlanıb “baran”, “yağmur” kəsilir.

“Ağ”ları “bəyaz”a, “sarı”sı “zərd”ə,

Dözdü, can dayanmaz bu ağır dərdə.

Dəyişdi hər şeyi “bum” oldu “bayquş”,

“Əlbisə” geyildi, “paltar” qaldı boş.

“Düzlüyün” yerində bir “istiqamət”,

Görərək, yeməli zənn etdi millət.

Çalındı “qardaş”ı, gəldi “bəradər”,

“Bacı”nın yerində “həmşirə” gəzər.

Nədir bu qiyamət, nə işdəsiniz?

Ey bizim qocaman ədiblərimiz.

Yaxasından tutub bu “el oğlunu”,

Fars ilə ərəbin bir “həmvətən”i.

Şəklinə soxdunuz, baxınız sonra

Oxunacaq lənət belə yazana!

 

12 aprel, 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info