Qonaq Kitabı
FÜZULİ

Türk elində günəş söndü bir axşamçağı,

Çox uğursuz bir qaranlıq çökdü dünyaya.

Görüncə ki, sönməkdədir sənət ocağı,

O yalvardı, həm sığındı «təbi-vala»ya,

 

Öz kimsəsiz Türk elinə baxdı Füzuli!

Bir sönməyən şimşək oldu, çaxdı Füzuli!

 

Çulğamışkən qonşuları şənlik, əyləncə,

Susmuş idi doğma yurdun söhbəti, sazı...

Hər ağsaqqal ixtiyarə, sevdalı gəncə,

Öyrədənlər çoxalmışdı «razi-niyaz»i.

 

El dərdinin dərmanını buldu Füzuli!

Onunçün də böyük şair oldu Füzuli!

 

Çəkmək üçün o boşluğa bir yeni pərdə,

İş qalmışdı bir sevimli, parlaq ulduza!

Elm və urfan qazanmağa getdiyi yerdə,

Əsir oldu, aşiq oldu bir qumral qıza!

 

İlhamını o qumraldan aldı Füzuli!

Susmuş elə bir yeni səs saldı Füzuli!

 

Etdi yardım o coşquna bir gözəl pəri,

Ovutmağa dərdlərinn qəm ölkəsində.

Gözəlliyə tapındığı o gündən bəri,

Bir başqalıq duyulmaqda onun səsində.

 

Çox doğrudur, sevdiyindən yandı Füzuli!

Sevdiyindən dərdi də xoş sandı Füzuli!

 

Dörd yüz ildir tutulmuşdur bir adsız dərdə,

Ummaqdadır yalnız ondan dərdinə çarə.

Dörd yüz ildir hər ölkədə türk olan yerdə,

Hər bir sevən qəzəl yazır sevgili yarə.

 

Cam çirənayaqçıya, döndü Füzuli!

Hər şairə bir içim mey sundu Füzuli!

 

1925-ci il

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info