Qonaq Kitabı
NƏ GÖRDÜMSƏ

Ərmağanım yaslı nəğmə,

Bir quş oldum, çıxdım yola.

Getdim gördüm dost elində,

Nə bir səs var, nə bir layla.

 

Bir yığıncaq gördüm, dedim.

Bəlkə toydur qızlar oynar?! 

Baxdım ellər batmış yasa,

Nə oynayan, nə gülən var.

 

Sordum qərib minarədən;

Axşam olmuş, əzan hanı?

Bayquş qonmuş minbərlərə,

Deyən hanı, duyan hanı?

 

Belə getsə, o dağlarda,

İllər keçər, çiçək bitməz.

O dağları duman basmış,

Duman getməz, yaman getməz.

 

Coşğun irmaq kənarında,

Nə qızlardan bir nişan var.

Nə oğlanlar ıslıq çalır,

Nə qaynayan, nə coşan var.

 

Bir dul gəlin könlü coşmuş,

Yol göstərin hanı yarı?

Oğlan çıxmış dönməz yola,

Nə nəşi var, nə məzarı.

 

Vicdan mənə əmr edir ki:

Belə gündə bayram etmə!

Quran mənə yol göstərir,

Yoxsulları məyus etmə.


Gəncə, 22 mart, 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info