Qonaq Kitabı
AXŞAMLAR

Ölkənizdə varsa sizin bir qərib,

Baxın, gözlərində nə var axşamlar.

Qəribin halını vətəndən əsən,

Tanrının yelləri sorar axşamlar.

 

Qayıq qucağında, dəniz üzündə,

Dalğanın nəğməsi deyil gözündə.

Bir şeylər söyləyir, onun sözündə,

Könül bir incəlik duyar axşamlar.

 

Açmayır dərdini qərib bir kəsə,

Qulaq verib durur hər yanıq səsə.

Vətən müjdəçisi ruzigar isə,

Bəzən günlər olur susar axşamlar.

 

Bir söz ismarlamış bəlkə yar eli,

Nədən anlaşılmaz quşların dili?

Sanki boğmaq istər göz yaşı seli -

Qəribin gözləri dolar axşamlar.

 

Axşam ona kədər, ona düşüncə,

Toxunmayın, qərib qəlbi çox incə.

Yollarla söyləşir məktub gəlincə,

Onunçun yollara baxar axşamlar.

 

Əcəb, yoxmu onun baxçası, bağı,

Güllərə baxmayır, gül solu-sağı.

Sən, elə gəl onu sanma bayağı,

Necə, duymadınmı coşar axşamlar.

 

Ey o yanıq qəlbin eli, vətəni,

Varmı səndə onun halın soranı?

Əcəb sağmı onlar, varmı qalanı?

Varsa, söylə, qələm yazar axşamlar.


Qudaud, 25 mart 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info