Qonaq Kitabı
MƏN OLAYDIM

Bu sevincli günlərin,

Bu ellik düyünlərin,

Bu nəşəli toyların,

Bu artımlı boyların

Carçısı mən olaydım!

 

Bu sevimli fəsilin,

Bu canlanan nəsilin,

Bu şərəfli ordunun,

Bu işçilər yurdunun

Carçısı mən olaydım!

 

Bu uğurlu səhərin,

Bu dumanlı şəhərin,

Radiolu kəndlərin,

Arazdakı bəndlərin

Carçısı mən olaydım!

 

O ağ başlı sarvanın,

İpək saçlı tərlanın,

O qotazlı bağların,

Nazlı, sazlı bağların

Carçısı mən olaydım!

 

Dağlardakı yolların,

Yollardakı qolların,

Qollardakı qüvvətin,

Qüvvətdəki hikmətin

Carçısı mən olaydım!

 

Sönməyən ulduzların,

Göydə uçan qazların,

Yerdə qaçan şimşəyin,

Çirmənib əlləşməyin

Carçısı mən olaydım!

 

Bu səmimi səsimlə,

Sönməyən həvəsimlə,

Yanlış yoldan çəkib əl

İndi yox, daha əvvəl,

Firqədəki ərlərin,

Tarladakı nərlərin,

Bu şərəfli kitabın,

Uğurlu inqilabın

Carçısı mən olaydım!

 

Mən olaydım carçısı

bu sevincli günlərin!

Mən olaydım carçısı

bu ellik düyünlərin!

 

15 iyun, 1934-cü il

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info