Qonaq Kitabı
AND OLSUN

And olsun dağların ağ suyu kimi

O qırıq dalğalı gülüşlərinə;

Vüsal vədə verən, ümid allahı -

Müxtəlif mənalı gülüşlərinə;

 

And olsun nazlanıb nazla əzilən,

Telli ulduz kimi bəzən süzülən,

Kahi rəhmət, kahi zülmət sezilən

O qanlı-qadalı gülüşlərinə;

 

And olsun axşamlar nəşədən daşan,

Ürkək ceyran kimi dağlardan aşan,

Kəklik olub səkən, qan kimi coşan

Dərbədər sevdalı gülüşlərinə;

 

And olsun səsinin ipəklərinə,

Bu xəstə könlümün diləklərinə,

Parlayıb can verən bəbəklərinə,

İşvəli, ədalı gülüşlərinə;

 

And olsun könlümün dərdli çağında,

Cilvələr yaradıb gül yanağında,

“Al” deyən, “Öl!” deyən al dodağında

Şəfəqli, şəfalı gülüşlərinə;

 

Mən sənə ömürlük bir qulam, gülüm,

Sən əmr eyləyincə nə imiş ölüm!

İstərsən ağlayım, istərsən gülüm,

Şərh eləyim halı gülüşlərinə.


1934-cü il, 25 noyabr

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info