Qonaq Kitabı
ANA

O bürüşmüş əllərində

     göydən enən bir qüvvət var,

Nə zaman ki, xəstə könlüm

     ölgün düşüb inlər, ağlar.

Fırtınalı göylərimi

     yaxmaq istər ildırımlar,

Nə zaman ki, qərib ruhum

     yad ellərdən cana doyar.

 

Sən o zaman yetişərsən

     bir rəsalət qüvvəsilə,

Bir analıq ürəyilə...

     Nədir, allah üçün söylə;

Bu ərənlər yarağını kimdən

     aldın, anlat böylə.

Əslimdən də əvvəl mənə

     sən verdiyin o təmiz süd,

Vicdanıma dinlətdiyin

     o səmimi, o saf öyüd

Müqəddəsdir, gücün varsa,

     insan oğlu, gəl də unut.

 

 

Bəzən olur

     həyatımın dağlarını duman alır,

O gün sənin titrək laylan

     yollarıma işıq salır,

Sənin məmnun olduğun gün

     Ruhum məndən məmnun qalır.

İnandım ki,

     cənnət sənin ayağının altındadır».


Gəncə. 14 mart, 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info