Qonaq Kitabı
MƏN TAPMIŞAM

Ey tanrının cənnət uman qulları,

Mən cənnəti bu dünyada tanmışam.

Aramaqdan bezdiyiniz yolları,

Axtarmadan mən sevdada tapmışam.

 

Oxşayaraq ulduzunu, ayını,

Necə sayım cənnətimin sayını.

El deyən cənnətin mən bir tayını,

Açıq gözlü bir röyada tapmışam.

 

Eşitmədən, anlamadan yerini,

Dərvişlərin çağırdığı pirini.

İnandığım ərənlərin birini,

Uc-bucaqsız bir səhrada tapmışam.

 

Daşıyanlar vicdanların darını,

Bucaqlarda gəzər gözəl yarını.

El cəfada diləndiyi varını,

İmanını mən səfada tapmışam.

 

Ürəkdən neylərə çəkdirən yahu!

Aşiqin inləyən telə sorduğu.

Böyüklərin sanıb heyran olduğu,

Nöqtəni mən macərada tapmışam.

 

Şərqin gülü, malı, meyi, nəvası,

Qərbin könül sıxan ağır havası.

Rahiblərin, keşişlərin duası,

Umduğunu masəvada tapmışam.

 

Çıxmışkən günahı vaizin dizə,

Vəz edib, durmaqda bax, yenə bizə!

Söylənəcək sözü dinə, dinsizə,

Vicdandakı bir sədada tapmışam.

 

Mən ki, Hindin sufisinə, sözünə,

Qulaq verməm, Qərbin baxdım üzünə.

Büründüyü tülə deyil, gözünə,

Neydəkini mən nəvada tapmışam.

 

Ağlamazsa qara bəxtin buludu,

Bəsləyir vicdanım bir böyük duyğu!

Hər iki dünyanın hardadır sonu,

Cavabını intihada tapmışam.

 

İnandım ki, hər fəryadın sonu var?

Bir gün gələr: Yer üzündə yaz olar.

Gələn günü düşünənlər, yazanlar,

Duyduğunu bu xülyada tapmışam.

 

11 aprel, 1919, Çakva

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info