Qonaq Kitabı
ÇOBAN QIZI

Bəzəndikcə çiçəklərlə, ey çoban qızı,

Nə cənnətdir sığındığın dağların qoynu;

Qaş-göz oynar gözlərinlə göyün yıldızı,

Şair olur seyr edənlər bu coşğun oyunu.

 

Sanki gəldin bu cənnətə, təxtini qurdun,

Bir qat daha gözəlləndi sevgili yurdun.

 

Çoban qızı, eşitmişəm bir sevdiyin var,

Onun dərdi bu duşdüyün, gizlətmə məndən,

Doğru söylə onunçünmü gözlərin ağlar,

Müjdə umar hər vech ilə gəlib keçəndən?

 

Sıxıldınsa, çağır gəlsin, o qalsın bir az,

Onsuz, əlbət, heç bu dərdə dəva tapılmaz.

 

Çoban qızı, o gəlmişdir, könlü də xəstə,

Qaldırma, gəl, ağlayacaq sazın telləri.

Nə ruh olur görüb səni coşmayan səsdə,

O bir şəhər yavrusudur cılız, sərsəri.

 

Çox başqadır incəliklər onun gözündə,

İnanma gəl, gəldi-gedər durmaz sözündə.

 

Anlaşılan, ayrılarkən bir boya verdi,

Verirkən də yalvardı ki, sürülsün qaşa.

Üç günlükdür onun, quzum, sevgisi, dərdi

Can verdiyin bu sevdanı çıxarmaz başa.

 

Bax nə deyir, eşqin üçün mən açdığım fal:

Sürtmə onu qaşlarına, sən boyasız qal...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info