Qonaq Kitabı
OYAN

Dinlə, bir səs söylər sənə!

O səs sənin öz vicdanın.

Deyir: Ey, sən batmış yasa,

Gəlir yenə bəyin, xanın...

Sən ey yatan, oyan, oyan!

Qiyamətdir, olmuş əyan!

 

Oxutma ölüm fərmanın,

Ver yolunda gözəl canın,

Göyərçinlər xəbər söylər:

Gəlir təxti Süleymanın!

Sən ey yatan, oyan, oyan!

Qiyamətdir, olmuş əyan!

 

Oldun yadlar oyuncağı,

Yurdun arsızlar ocağı.

Təpinmə azğın şeytanə,

Yüksəldi birlik sancağı,

Sən ey yatan, oyan, oyan!

Qiyamətdir, olmuş əyan!

 

Səs yox sizin yapılarda,

Yol azmış gözlərin harda?!

Uzaq yoldan yarın gəlir,

Qurbanın yox qapılarda.

Sən ey yatan, oyan, oyan!

Qiyamətdir, olmuş əyan!

 

Kim demiş: Cansız bir daş ol!

Azğınlara gəl yoldaş ol!

Yadlaşan qardaşın gəlib,

Yenidən and iç, qardaş ol!

Sən ey yatan, oyan, oyan!

Qiyamətdir, olmuş əyan!

 

Bir qız gəlir - sevinci var,

Qızın boyunda inci var.

Yoxsa, sevən bizim yurdun,

Bir dəlisi, nadinci var.

Sən ey yatan, oyan, oyan!

Qiyamətdir, olmuş əyan!


5 dekabr 1916-cı il 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info