Qonaq Kitabı
AŞİQİN DƏRDİ

Soraraq ulduza, aya,

Ararkən gözlərim səni.

Mənim kimi bir sevdaya,

Düşən gördüm bir də məni.

 

Nə zaman ki, insan oğlu,

Azar qürbət eldə yolu.

Mənim kimi - gözlər dolu,

Yaşla salamlar vətəni.

 

Məncə dərdin ən yamanı:

İtirmək dərd anlayanı.

Hər yetənə dedim hanı?

Göstər mənə dərd biləni!

 

Ah, ey gözəl elim, günüm,

Düşsə sənə bir də yönüm.

Tanrım olsun ən son günüm,

Göstər mənə can deyəni.

 

Ayrı düşdüm mən elimlə,

Gedən bulud, getmə, dinlə.

Ağla mənə öz dilimlə,

El aşiqi söyləyəni!

 

Aşiqin bir el dərdi var -

Ellər oxur, ellər yazar.

Mən düzərəm, zaman pozar,

Göz götürməz bu gülşəni!


31 avqust 1916, Kutaisi

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info