Qonaq Kitabı
GƏLİN

Ey süzgün gözləri səhər ulduzu,

Pərişan telləri yasəmən, gəlin!

Gözəllər səcdəsi gətirdiyin din;

Girdim sizin dinə bir də mən, gəlin!

 

Hər yetən naz etdi, qatlandım naza,

Könül verdim hər boş söhbətə, saza.

Sallan ki, can quşu çıxsın pərvaza,

Pərişan olsun qoy, hər görən, gəlin!

 

Sənsizlikdir mənim bitməyən dərdim.

Bitməyən dərdimlə mən sənə gəldim;

Gülən dodaqlardan mən bir gül dərdim,

Saxlanmış qəlbimdə istərsən, gəlin.

 

Sığmaz ikən ruhum geniş torpağa,

Gəlmiş hüzuruna bir qul olmağa.

Gözəllik bir çiçək, məhkum solmağa,

Soldurma boş yerə onu sən, gəlin!

 

 6 iyun, 1919. Gəncə 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info