Qonaq Kitabı
LEYLA

Deyirlər: Qarabağ bir cənnət imiş,

Bəslərmiş qoynunda çiçəklərini.

Məndə qüdrət yoxdur qələm çalmağa,

Tərif eyləməyə ancaq birini.

Gərdişi can alan, qəmzəsi əla,

Doğrudan gözəldir, göyçəkdir Leyla!

 

Çiçəklər qoynunda bəsləyib əndam,

Bərq vurur dodaqda badənin qanı.

Gözəlsən, incəsən qur yeni bir dam,

Əsir et, qul eylə mahi-tabanı,

Dolansın başına ulduzlar, aylar,

Bu köhnə dünyanın Leylası da var.

 

Əzəldən böylədir, hər yeni şair

Bir yeni yol bulub, bir əməl bəslər;

Mənim təbiətdən istəyim budur:

Çoxalsın yurdumda böylə gözəllər.

Gözəllər toplaşıb olsunlar bacı,

Leyla da onların başının tacı.

 

Könül təzələndi sitayişindən,

Gözəllər sultanı, ellər gözəli.

Qorxum var, sevgilim, bircə işindən

Mümkünsə dəyişdir hökmi-əzəli,

Əmr elə, çiçəklər solmasın, Leyla!

Ayrılıq günümüz olmasın, Leyla!

 

O gərgin qaşların kölgəsindəki,

Can alıb, can verən gözlərə qurban!

Bugünkü Leylanın xoş səsindəki

Mənalı, mənasız sözlərə qurban!

Qurban qəbul edib töksə qanını,

Nəyi var şairin, - verər canını.

 

1934-cü il, 1 noyabr

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info